YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin Antalyada üçtərəfli görüşü keçirilib

Avqustun 28-də Antalya şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredov arasında III üçtərəfli görüşü keçirilib.

Görüşdə hər üç ölkənin həyata keçirdiyi və müxtəlif sahələri əhatə edən layihələr, o cümlədən enerji, nəqliyyat, turizm və idman, regional əməkdaşlıq, ikitərəfli münasibətlər və digər maraq doğuran məsələlər müzakirə olunub.

Nazirlər görüşdə çıxış ediblər.

Son aylar Türkiyə Respublikasında törədilən terror aktlarını qətiyyətlə pisləyən nazir E.Məmmədyarov bildirib ki, Azərbaycan terrorizmlə mübarizədə qardaş Türkiyə dövlətinin yanındadır. Şəhidlərin doğmalarına başsağlığı verən nazir deyib ki, terror, ekstremizm və təcavüzkar separatçılıqla müşayiət olunan mövcud təhlükəli çağırışların qarşısının alınması, dövlətlərimizin müstəqilliyinin möhkəmləndirilməsi və regionda dinamik inkişaf üçün münbit şəraitin təmini naminə təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsini zərurətə çevirir.

Nazir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda sülhə, əmin-amanlığa ən böyük təhdid, o cümlədən regional əməkdaşlığın inkişafına da ciddi maneədir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20 faizi uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurası, o cümlədən digər beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı dörd qətnamə və qərarlar qəbul ediblər. Bu qətnamə və qərarlarda işğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın zəbt olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan buna məhəl qoymur. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və soyqırımı kimi insanlıq əleyhinə ağır cinayətlərlə müşayiət olunmuş işğalçılıq siyasəti onu bütün regional inkişaf proseslərindən kənarda qoyub.

Nazir Elmar Məmmədyarov Azərbaycanın yüksək geostrateji mövqeyə malik olduğunu diqqətə çatdıraraq deyib ki, ölkəmiz regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Bu da qarşılıqlı səmərəli əməkdaşlıq qurmaq üçün geniş imkanlar yaradır. Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə əsasını qoyduğu regional layihələri bu gün uğurla həyata keçirir. Bölgədə bir sıra mühüm layihələrin təşəbbüskarı olan Azərbaycan, TANAP və TAP layihələrini ehtiva edən “Cənub” qaz dəhlizi, habelə Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin həyata keçirilməsi ilə Avrasiya qitəsinin mühüm regionları arasında əlaqə yaradır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, tərəflər üçtərəfli münasibətlərin inkişafına yüksək dəyər verir. Azərbaycan, Türkiyə və Türkmənistan regionda həyata keçirilən iqtisadi layihələrin mərkəzində dayanır. Üçtərəfli münasibətlərin sürətli yüksəlişi regional inkişaf üçün dəyərli töhfədir. Bütün sahələri əhatə edən əməkdaşlıq əlaqələri tərəflərin maraqlarını təmin edir.

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov diqqətə çatdırıb ki, üç ölkənin 2014-cü ilin mayında və 2015-ci ilin yanvarında qəbul etdiyi Bakı və Aşqabad bəyannamələrinin qarşıya qoyduğu vəzifələr Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli əlaqələrin inkişafını sürətləndirib. Nazir qeyd edib ki, üçtərəfli görüşdə müzakirə olunan məsələlər, o cümlədən həyata keçirilən layihələr Azərbaycan, Türkiyə və Türkmənistanın dövlət başçılarının növbəti Zirvə görüşünə hazırlıq xarakteri daşıyır.

Sonra nazirlər üçtərəfli görüşdə Antalya Bəyanatını imzaladılar. Bəyanatda deyilir ki, hər üç ölkə bundan əvvəl keçirilən üçtərəfli görüşlərdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə sadiqdir. Sənəddə vurğulanır ki, xarici işlər nazirləri səviyyəsində keçirilən sayca üçüncü görüş də ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişafına töhfə verəcək.

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın, Türkiyənin və Türkmənistanın rolunun vurğulandığı Bəyanatda bildirilir ki, xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Azərbaycanda keçiriləcək.

Daha sonra nazirlər mətbuat konfransı keçiriblər.

Növbəti üçtərəfli müzakirələrin səmərəli olduğunu diqqətə çatdıran nazirlər Azərbaycan, Türkiyə və Türkmənistan arasında mövcud əlaqələrin inkişaf dinamikasını, o cümlədən qarşılıqlı dəstəyi yüksək qiymətləndirdilər, qarşıda duran vəzifələrdən danışdılar.