YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kristofer Pinçer: Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun geniş tərkibli olması Azərbaycana böyük maraqla əlaqədardır

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Xələf Xələfov Azərbaycanın parlamentlərarası münasibətlərə önəm verdiyini demiş və bu baxımdan Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkəmizə səfərini yüksək qiymətləndirmiş, bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etmişdir.

Azərbaycanda gedən demokratik proseslər, aparılan islahatlar və ölkəmizin çoxşaxəli xarici siyasəti haqda qonaqlara ətraflı məlumat verən X.Xələfov rəsmi Bakının bütün ölkələrlə, o cümlədən qonşu dövlətlərlə münasibətlərə xüsusi önəm verdiyini vurğulamışdır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol haqda danışan nazir müavini regionda sabitliyin və davamlı inkişafın təminində başlıca maneə kimi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin bir hissəsinin işğalı faktını qeyd etmişdir. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinin işğal altındakı torpaqlarımızın azad edilməsi olduğunu deyən nazir müavini bu istiqamətdə həyata keçirilən çoxşaxəli fəaliyyət haqqında məlumat vermiş, dünya dövlətlərinin, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünə əsaslanan ədalətli mövqe nümayiş etdirməsinin zəruriliyini qeyd etmişdir.

Kristofer Pinçer rəhbərlik etdiyi qrupun nümayəndə heyətinin ölkəmizə səfərindən məmnun olduğunu bildirmiş və burada keçirdiyi görüşlərin önəmini vurğulamışdır. O, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun geniş tərkibli olmasını Azərbaycana böyük maraqla əlaqələndirmişdir. Britaniyalı qonaqlar Azərbaycanın inkişafının onlarda dərin təəssürat yaratdığını və buradakı dini tolerantlığın nümunəvi olduğunu qeyd etmişlər.

Görüşdə qarşılıqlı maraq kəsb edən qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.