YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qoşunların təmas xəttində monitorinq keçirən ATƏT-in nümayəndələri cəbhə xəttinə yaxın kəndlərin sakinləri ilə görüşüblər

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 25-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçiriblər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yevgeni Şarov nəzarət ediblər.

Monitorinqdən sonra ATƏT-in nümayəndələri Qazax rayonunun cəbhə xəttinə yaxın yerləşən kəndlərin sakinləri ilə görüşüblər.

ATƏT-in nümayəndələrinə atəşkəsin mütəmadi pozulmasından şikayətlənən sakinlər bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri kəndləri, təsərrüfat sahələrini güllə atəşinə tutmaqla hər birimizin həyatına təhlükə yaradırlar.

Sakinlər beynəlxalq nümayəndəliyin fəaliyyətinin nəticəsizliyindən də şikayət ediblər. “Keçirilən monitorinqlər hər dəfə nəticəsiz qalır. Artıq xalqın səbir kasası daşmaq üzrədir. İyirmi ildən artıqdır ki, torpaqlarımız düşmən tapdağı altındadır. Bir sıra beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı, münaqişənin həllində ikili standartlar nümayiş etdirilir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı və öz vətənində məcburi köçkünə çevrilən bir milyondan artıq insanın pozulmuş hüquqları bərpa olunmalıdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməlidir”, - deyə sakinlər vurğulayıblar.

Sonra ATƏT-in nümayəndələri Məzəm kəndinin sakini Sarif Rəhimovun evinə baxıblar. Onlar evin divarlarında, hətta dəmir darvazada ermənilər tərəfindən atılan çoxlu güllə izlərinin şahidi olublar.