YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Avropa Şurası Parlament Assambleyasının məruzəçisi ilə görüşüb

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 25-də Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi” mövzusunda məruzəçisi Militsa Markoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarov Cənubi Qafqaz regionunda və Azərbaycanda su təminatı məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Nazir beynəlxalq sənədlərdə təsbit edildiyi kimi, sudan istifadənin azad xarakter daşımalı olduğunu bildirib.

Suyun humanitar mahiyyət kəsb etdiyini deyən Elmar Məmmədyarov vaxtilə tikilmiş Sərsəng su anbarının ətrafda yaşayan insanların və kənd təsərrüfatının su ilə təmin olunması üçün nəzərdə tutulduğu barədə məlumat verib. Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı nəticəsində insanların Sərsəng su anbarından istifadədən məhrum olduqlarını vurğulayıb. O əlavə edib ki, Ermənistan tərəfi Sərsəng su anbarından təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir.

Militsa Markoviç bütün xalqların dilində deyildiyi kimi, insanın çörəksiz yaşaya bildiyi halda, susuz yaşaya bilmədiyini söyləyib. Ona görə də bu layihənin sırf humanitar məqsəd daşıdığını qeyd edən Militsa Markoviç siyasi məqamların da istisna olunmadığını bildirib.

Münaqişənin həlli prosesi haqqında məlumat verən nazir Azərbaycanın ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazı olduğunu vurğulayıb. Biz o zaman razı qalardıq ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın.

Elmar Məmmədyarov ümidvar olduğunu bildirib ki, bu hesabat hazırlandıqdan sonra AŞPA üzvləri və geniş beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar fəsadlarından olan su problemi ilə yaxından tanış olmaq imkanı əldə edəcək.