YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanın Milli Mühəndislik və Elm Komissiyası ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib

Avqustun 25-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Milli Mühəndislik və Elm Komissiyasının (NESCOM) sədri Məhəmməd İrfan Börninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan xoş münasibətlərin formalaşdığını deyən nazir Əli Abbasov Azərbaycan-Pakistan münasibətlərinin inkişafında İKT və yüksək texnologiyalar sahəsinin xüsusi yer tutduğunu qeyd edib, bu sahədə aparılan islahatlar, həyata keçirilən layihələrdən söz açıb. Nazir Azərbaycanda dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyalarının tədqiqi, kosmik və informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirlməsinə maraq göstərildiyini nəzərə çatdırıb.

Ölkəmizin iki kosmik peykə malik olduğunu və Pakistan ərazisinin peyklərin əhatə dairəsində olduğunu vurğulayan Ə.Abbasov Azərbaycanın bu sahədə Pakistana dəstək ola biləcəyini deyib.

Məhəmməd İrfan Börni Azərbaycan ilə Pakistan arasında tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, dostluq zəmində davam edən bu münasibətlərin daim qorunub saxlanmasına hər iki ölkənin böyük önəm verdiyini qeyd edib. NESCOM-un sədri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılmış "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-də baş tutan görüşdən və təsisatla tanışlıqdan da söz açaraq, Azərbaycanda nüvə texnologiyalarının inkişafında kadr hazırlığına Pakistanın öz zəngin təcrübəsi ilə töhfə verə biləcəyini deyib. Əlaqələrin daha da dərinləşməsində maraq göstərilən sahələri dəstəklədiklərini deyən pakistanlı qonaq insan kapitalının formalaşdırılması, proqram təminatı, kibertəhlükəsizlik həlləri istiqamətləri üzrə əməkdaşlığın qurulmasını da vacib sayıb.

Tərəflər hər iki ölkənin güclü informasiya texnologiyaları potensialına malik olduğunu nəzərə alaraq, bu sahədə regional layihələrdə birgə iştirakın vacibliyini xüsusi qeyd ediblər.

Daha sonra Pakistanın Milli Mühəndislik və Elm Komissiyası ilə yeni sahələrdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib, həmçinin tərəfləri maraqlandıran digər suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.