YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA məruzəçisi: Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilir

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə məruzəçisi xanım Milisa Markoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, İlham Quliyev Azərbaycanın tarixən aqrar ölkə olduğunu, müstəqilliyini bərpa etdikdən sonra iqtisadiyyatın yüksək templə inkişaf etdiyini, dövlətimizin başçısının kənd təsərrüfatına böyük önəm verdiyini diqqətə çatdırıb.

Bildirilib ki, Sərsəng su anbarının erməni qəsbkarları tərəfindən işğal edilməsi nəticəsində uzun illərdən bəri Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədi rayonlarına suvarma suyunun verilməməsi bu regionun iqtisadiyyatına əvəzolunmaz zərər vurur. Ermənilər Sərsəng su anbarından düşünülmüş şəkildə, əsasən də payız-qış aylarında gecə vaxtı suyu artıq həcmdə buraxmaqla bu rayonların kəndləri üçün subasma təhlükəsi yaradır, əhalini daim qorxu və təşviş içində saxlayırlar.

Qeyd edilib ki, əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Sərsəng su anbarının əhatə dairəsində olan rayonların ərazisində 586 ədəd əlavə artezian quyuları qazılıb. Bu isə əlavə büdcə xərcləri hesabına başa gəlir. İşğal zonasında çoxsaylı meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi yarımçıq qalıb və ötən müddət ərzində dağılaraq sıradan çıxıb. Subasma zonasında yerləşən əhali ermənilərin məqsədyönlü təxribatı və əməlləri nəticəsində real təhlükə şəraitində yaşayır.

Nazir müavini Samur transsərhəd çayının su ehtiyatlarının istifadəsinin, Araz çayının su ehtiyatlarının bölüşdürülməsinin müvafiq qaydada tənzimləndiyini qonaqların diqqətinə çatdırıb. Mövcud çətinliklərə baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorda əldə edilən uğurlardan söhbət açıb, cari ildə xüsusilə taxılçılıq sahəsində rekord məhsul istehsal olduğunu vurğulayıb.

Milisa Markoviç Azərbaycanın sərhədyanı bölgələrinə səfər etdiyini, xüsusən Ermənistanla sərhəd rayonlarda sakinlərin su təminatında qarşılaşdıqları çətinliklərlə tanış olduğunu qeyd edib. O, toplanmış materiallar əsasında sərhədyanı bölgələrdə yaşayan sakinlərin qəsdən sudan məhrum edilməsi barədə parlamentin iclasında məruzə edəcəyini diqqətə çatdırıb.