YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Monteneqronun TAP layihəsinə qoşulması məsələsi Vyanada müzakirə ediləcək

Avstriyanın paytaxtı Vyanada avqustun sonunda keçirilməsi planlaşdırılan Balkan ölkələrinin rəsmilərinin görüşündə Monteneqronun “Cənub” qaz dəhlizinin Avropa hissəsini təşkil edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinə qoşulması məsələsi müzakirə olunacaq.

Bu barədə Monteneqronun “Dnevne Novine” qəzeti məlumat yayıb. Qəzet bildirir ki, TAP boru kəmərinin Monteneqro üçün əhəmiyyəti olduqca böyükdür. TAP, həmçinin də ucuz enerji mənbəyidir. Monteneqro və digər Balkan ölkələri bu boru kəmərinin inşasında maraqlıdırlar.

“Cənub” qaz dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşınacaq 3 min 500 kilometr uzunluğundakı bu boru kəmərləri zənciri Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu qaz boru kəməri (TANAP) və TAP-dan ibarətdir.

Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik qaz boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

TAP-ın bu layihədəki səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).