YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Bu gün YAP ölkəmizin ən güclü, ən mütəşəkkil, ən monolit siyasi qüvvəsidir

«Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə böyük inamla gedir. Bu inam üçün bizim kifayət qədər əsaslarımız var. Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın sürətli inkişafı, qazanılan uğurlar seçkilərdə qələbəmizi şərtləndirən əsas amildir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasəti layiqincə davam etdirməsi nailiyyətlərimizi ildən-ilə artırır». Bu fikirləri YAP İcrap katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bu gün ölkəmizdə elə bir sahə yoxdur ki, orada inkişaf baş verməsin. Onun sözlərinə görə, Azərbaycan inkişaf baxımından region dövlətləri arasında ön sıralardadır: «Son parlament seçkilərindən keçən beş ilə nəzər salsaq, bu dövrdə ölkəmizdə çox böyük dəyişikliklər baş verib. İqtisadiyyat artıb, əhalinin rifahı yüksəlib, Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, regionlarımız sürətlə inkişaf edir, bölgələrdə sosial məsələlər həll olunur və s. Bu gün Azərbaycan nüfuzlu beyənlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. İlk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və keçirilməsi bunun əyani göstəricisidir».

YAP İcra katibinin müavini qeyd edib ki, 650 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası böyük seçki təcrübəsinə malikdir. «Biz bütün dövrlərdə uğurlu seçki kampaniyası həyata keçirərək inamlı qələbələr qazanmışıq. Qarşıdan gələn parlament seçkilərində də qələbəmizi şərtləndirəcək amillərdən biri də məhz budur. Partiyamızın böyük seçki təcrübəsi olan minlərlə üzvü var və onlar hər seçki kampaniyasında qarşıya qoyulan vəzifələri ləyaqətlə yerinə yetirirlər. Qələbələrimizin qazanılmasında onların da zəhməti şübhəsiz ki, böyükdür. Bu gün YAP ölkəmizin ən güclü, ən mütəşəkkil, ən monolit siyasi qüvvəsidir. Biz bu gücü xalqımızdan alırıq. Azərbaycanda YAP ilə rəqabət apara biləcək siyasi qüvvə yoxdur. Növbəti parlament seçkilərində də xalqımızın etimadına, üzvlərimizin sədaqətinə, fədakarlığına güvənərək parlaq qələbə qazanacağımıza inanırıq»- deyə, S.Novruzov vurğulayıb.