YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Antalya-Bakı aşağı büdcəli reysi üzrə ilk uçuş həyata keçirilib

Avqustun 7-də “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-Antalya-Bakı aşağı büdcəli reysi (“lou-kost”) üzrə ilk uçuşu həyata keçirilib. Bu gündən etibarən Bakı-Antalya-Bakı reysi üzrə uçuşlar həftədə 3 dəfə təşkil ediləcək. Bakı-Antalya-Bakı aşağı büdcəli reyslərinə biletlərin satışına iyulun 24–dən başlanılıb, iki gün ərzində isə avqustun 7-si reysinə bütün biletlər satılıb.

Bakı-Antalya reysinin sərnişini İlqar Gəncimalıyev AZƏRTAC-a müsahibəsində Antalyaya səfərlə bağlı çoxdan qərar verdiyini deyib. O, dövlətimizin başçısının aviabiletlərin qiymətlərinə yenidən baxılması və qiymətlərin azaldılması ilə bağlı göstərişinin xalqımız tərəfindən böyük sevinclə qarşılandığını bildirib. “Bunun nəticəsidir ki, qiymətlər aşağı endirildi, vətəndaşlarımız isə bu gün çox ucuz və yüksək komfortlu uçuş həyata keçirirlər. Səfərimi məhz bu reyslə reallaşdırdığım üçün çox şadam və buna görə dövlətimizin başçısına təşəkkürümü bildirirəm”, – deyə sərnişin qeyd edib.

Əvvəlki səfərlərindən fərqli olaraq bu dəfə bütün ailə üzvləri ilə səyahət etdiyini deyən sərnişin Rəfiqə Əliyeva isə Bakı-Antalya aşağı büdcəli reysinin açılmasına və bu reysin ilk sərnişini olmalarına görə çox sevindiklərini deyib.

Qeyd edək ki, AZAL daha çox tələbatın olduğu marşrutlar - Bakı-İstanbul-Bakı reysi üzrə sentyabrdan başlayaraq hər gün 1 uçuş, Bakı-Moskva-Bakı istiqaməti üzrə oktyabrdan başlayaraq hər gün 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə 1 uçuş olmaqla aşağı büdcəli reysləri də həyata keçirəcək.

Standart “lou-kost” modelindən fərqli olaraq AZAL-ın “lou-kost” xətlərinin özəl üstünlükləri var. Qeydiyyat zamanı biletlərdə konkret yerlər göstərilir və təyyarənin salonunda yer seçimi üçün əlavə ödəniş alınmır. Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçirilir. Bu təyyarənin salonundakı bütün yerlər eyni rahatlığa malikdir.

Qeyd edilən istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabitdir və bir tərəfə 99 avro təşkil edəcək. Yəni, 99 avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan istiqamətlərə uça bilir. Sərnişinlər hər bir baqaj üçün isə 25 avro ödəyirlər.

AZAL-ın bütün reyslərinə biletləri onlayn rejimdə (www.azal.az) bronlaşdırmaq və əldə etmək mümkündür. Bu isə sərnişinlərə hansı istiqamətə hansı növ biletin mövcudluğu və qiymətləri barədə müfəssəl məlumat əldə etmək və aviabilet satışı agentlərinə komissiya haqqı ödəmədən birbaşa və ucuz bilet almaq imkanı yaradır.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev aviabiletlərin qiymətlərinə yenidən baxılması və qiymətlərin azaldılması ilə bağlı konkret tapşırıq vermişdi. Dövlət başçısının tapşırığına uyğun olaraq, “Azərbaycan Hava Yolları” QSC aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilini aparıb və qiymətlərin aşağı salınması üçün müvafiq tədbirlər həyata keçirib. Artıq bu istiqamətdə ilkin addımlar atılıb və bu barədə ictimaiyyətə məlumat verilib.

Ölkə başçısının aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırığına uyğun olaraq müvafiq araşdırmalar aparılıb və avqustun 1-dən etibarən isə bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30 faiz arasında endirim tətbiq olunmasına qərar verilib.