YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Dini maarifləndirmə sahəsində xeyli işlər görülüb

«Dini intellektual səviyyənin yüksəlməsi üçün kütləvi informasiya vasitələrində İslam dini haqqında həqiqi bilgini insanlara çatdırmalıyıq. Hansı ölkədə bu işlər görülürsə insanların yad və zərərli təsir altına düşmə ehtimalı azalır. Azərbaycanda bu baxımdan sabitlikdir, radikalların sosial dayaqları yoxdur. Cəmiyyətin dünyəvi dünyagörüşünün yüksək olması hansısa xurafata inanmağa imkan vermir. Amma arxayınlaşmaq da olmaz». Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılır.Onun sözlərinə görə, dini maarifləndirmə sahəsində xeyli işlər görülüb. Ancaq bu, ardıcıl olaraq davam etdirilməlidir.

«Komitə cari ilin birinci yarısında milli maraqlarımıza zidd olan, qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısını almaq üçün qabaqlayıcı amil kimi maarifləndirmə tədbirlərinə üstünlük verib. Hesabat dövründə bu məqsədlə bir sıra tədbirlər həyata keçirilib. Belə tədbirlərdən biri kimi “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda 12 regional konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, digər mərkəzi və yerli icra orqanları, vətəndaş cəmiyyəti institutları ilə Dövlət Komitəsinin müvafiq şöbələri sıx əməkdaşlıq edir, birgə tədbirlər təşkil olunur.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında ölkə gənclərinin milli -mənəvi, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə bağlı nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə Komitə müvafiq dövlət qurumları ilə birgə silsilə xarakterli maarifləndirici tədbirlər keçirib. Qafqaz Müsəlmanları İdarəsi imamlar, axundlar, din xadimləri üçün təkmilləşdirmə kursları təşkil edib. Məscidlər irfan, mədəniyyət mərkəzinə çevrilməlidir, axundlar və imamlar təkcə dini yox, dünyəvi bilgilərə də malik olmalıdır. Orta əsrlərdə mütəfəkkirlərimizin əksəriyyəti məscidlərdə yetişdirilirdi. Amma sovet dövründə dindarlar yalnız yas mərasimlərini aparan insanlara bənzədilib və indi də belə düşünənlər az deyil. Bu, doğru yanaşma deyil.

Görülən işlər müsbət nəticələr verməkdədir. Mən məscidlərə gedirəm, xütbə kitablarına baxıram və artıq yeni nəsil yetişdiyini görürəm. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin, eləcə də Bakı İslam Universitetinin tələbələrindən yüksək mütəxəssislər yetişir. Onlar yüksək biliklərə sahib din xadimləri kimi formalaşırlar. Doğrudur, hələ də xarici təsirlər var və onlar məscidlərə də girmək istəyirlər. Amma biz buna yol verməyəcəyik. Biz çalışmalıyıq ki, vətəndaşlarımız İslam dəyərlərini dərindən öyrənsin»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv