YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: “Cənub” qaz dəhlizi layihəsi ölkələri birləşdirən, istehsalçılara, tranzit tərəflərinə və istehlakçılara fayda verən bir layihədir

“Cənub” qaz dəhlizi üçün hələlik yeganə resurs bazası olan “Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz var. Beləliklə, bizim ehtiyatlarımız Avropa istehlakçılarını onilliklər boyu təbii qazla təchiz etmək üçün kifayət edəcəkdir. “Cənub” qaz dəhlizi layihəsi ölkələri birləşdirən, istehsalçılara, tranzit tərəflərinə və istehlakçılara fayda verən bir layihədir. Düşünürəm ki, biz bu enerji layihəsinin üç seqmenti arasında düzgün balansı tapa bilmişik.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Prezident İlham Əliyev bildirib ki, bu gün biz enerji təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə etdik. Biz Avropa ilə yaxşı tərəfdaşıq və keçən ilin sentyabr ayında Bakıda icrasına start verilmiş “Cənub” qaz dəhlizi layihəsi artıq fəal icra olunur. Azərbaycan bu layihənin təşəbbüskarı olub və layihəni vaxtında icra etmək üçün tərəfdaşlarla, qonşu ölkələrlə və sərmayədarlarla fəal şəkildə işləyir. Bizim nəhəng qaz ehtiyatlarımız var. Təsdiqlənmiş qaz ehtiyatlarımız təxminən 2,6 trilyon kubmetrdir.

Dövlətimizin başçısı qeyd edib ki, bu ilin mart ayında “Cənub” qaz dəhlizi layihəsinin bir hissəsi olan TANAP layihəsinin tikintisinə start verilib. Beləliklə də işlər cədvəl üzrə gedir. Bu, enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyindən ayırmaq olmaz. Bu, enerji şaxələndirilməsi layihəsidir. Çünki “Cənub” qaz dəhlizi təkcə təchizat marşrutlarının şaxələndirilməsi deyil, ondan daha önəmli olan təchizat mənbələrinin şaxələndirilməsidir. Azərbaycan öz resursları, infrastrukturu, bu meqa enerji layihələrinin həyata keçirilməsi təcrübəsi ilə öz rolunu oynayır. Biz çox şadıq ki, Azərbaycanın bu sahədəki rolu bu yaxınlarda Avropa İttifaqı tərəfindən qəbul olunan sənədlərdə öz əksini tapıb.