YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qazaxıstan Silahlı Qüvvələrinin Baş qərargahları arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb

İyulun 13-dən Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Saken Jasuzakovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini yad edərək məzarları üzərinə əklillər və gül dəstələri qoyublar.

Daha sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov ilə general-polkovnik S.Jasuzakov arasında təkbətək, daha sonra isə geniş tərkibdə görüş keçirilib.

Görüşdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktı, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu qonaqların diqqətinə çatdırılıb.

Sonra tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, Silahlı Qüvvələrin nümayəndələrinin qarşılıqlı təcrübə mübadiləsi, Xəzər dənizi hövzəsində, o cümlədən ölkələrimizin yerləşdikləri regionlarda təhlükəsizlik məsələlərini ətraflı müzakirə ediblər.

Sonda Azərbaycan və Qazaxıstan Silahlı Qüvvələrinin Baş qərargahları arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

Ölkəmizə səfəri çərçivəsində Qazaxıstan nümayəndə heyətinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzi, Hərbi Dəniz Qüvvələrinin bazası və Azərbaycan sülhməramlıları ilə tanışlığı planlaşdırılıb.

Səfər iyulun 15-dək davam edəcək.