YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir Vesna Pusiç: Xorvatiya və Azərbaycan strateji tərəfdaşlardır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyanın xarici və Avropa işləri naziri xanım Vesna Pusiç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Vesna Pusiç Xorvatiya və Azərbaycanın strateji tərəfdaş olduğunu, iki ölkə arasında siyasi, iqtisadi, enerji sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. O, Xorvatiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsi ilə bağlı Xorvatiyanın tutduğu prinsipial və dəyişməz mövqenin, bu xüsusda rəsmi Zaqrebin beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi davamlı dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

İqtisadi və enerji sahələrində əməkdaşlığın təşviq edilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın ilk iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycanın enerji resurslarının bölgəyə nəqli, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.