YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elxan Süleymanov: AŞPA Ermənistanın işğalçılıq siyasətinə göz yumduğunu etiraf etdi

«AŞPA-nın yay sessiyası zamanı, 23 iyunda həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzə layihəsi müzakirə edilərək qəbul edilib. Müzakirələr çox gərgin keçdi. Gözlənildiyi kimi, əsas müzakirələr məruzənin qətnamə layihəsinin Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri ilə bağlı bəndi ətrafında baş verdi. Bu problemlə bağlı “mövqelər müharibəsi” kimi qiymətləndirilə biləcək müzakirələr AŞPA-da təmsil olunan anti-Azərbaycan qüvvələrinin və siyasi qurum kimi AŞPA-nın iç üzünü açmış oldu». Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı  Elxan Süleymanov deyib.  

E.Süleymanov bildirib ki, Assambleya məruzənin 1-ci maddəsində “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” ifadəsini həmişə istifadə etdikləri “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi ilə dəyişib: «Bütün Avropa və güc mərkəzləri bu dəyişikliyi etmək üçün bütün resursları səfərbər etmiş və bütün güclərini Azərbaycanın və həmməruzəçilərin haqlı tələblərinə qarşı qoymuşdular. Bu gözlənilən idi. Belə ki, hüququn aliliyi, demokratiya carçısı Assambleya bir üzv dövlətin digərinin ərazisini 23 ildir işğal altında saxladığını, Azərbaycan xalqının bu cür ağır faciəsindən məlumatlı olduğunu ifadə etməklə öz fəaliyyətsizliyini ifşa etməklə bərabər, Azərbaycan torpaqlarının işğal altında saxlanılması faktına göz yumduğunu etiraf etmiş olurdu. Qeyd edim ki, məruzə layihəsi cari ilin may ayında Monitorinq Komitəsinin iclasında təqdim edilərkən mənim kəskin çıxışımdan sonra məruzə layihəsinin 1-ci bəndində Azərbaycan ərazilərinin işğalı faktının “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu” ifadəsi kimi əks etdirilməsinə nail olduq. Mən çıxışımda eyni zamanda, Azərbaycan torpaqlarının 23 ildən artıq müddət ərzində Ermənistanın işğalı altında olmasına baxmayaraq, Avropa Şurasının yalnız “tam məlumatlı” olmasını bəyan etməklə kifayətlənməsinə öz dərin təəssüfümüzü bildirdim. Lakin erməni lobbisi və anti-Azərbaycan qüvvələri Ermənistanın işğalçı kimi tanınmasını qəbul edə bilmirdilər və ona görə də bu məruzə Avropa Şurasının saytında yerləşdirildiyi 21 may tarixdən etibarən bütün erməni lobbisi və anti-Azərbaycan qüvvələr bu məsələ ilə məşğul olmağa, Azərbaycana qarşı müxtəlif istiqamətlərdə hücumlar təşkil etməyə başladılar. Nəticə isə sessiya zamanı açıq-aydın üzə çıxdı, AŞPA üzvlərindən demək olar ki, heç kəs erməni işğalını dilə gətirmədi. Hətta anti-Azərbaycan qüvvələri, xüsusən də AŞPA prezidenti Ann Brassör və baş katib Savitski həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinskiyə təzyiq etməkdən belə çəkinmədilər».