YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüssel görüşü Azərbaycanın prinsipial mövqeyi nəzərə alınmaqla keçirildi

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin sayca beşinci görüşü regionda sülhün təmin olunması istiqamətində növbəti addımdır. Azərbaycan Prezidenti İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi mühitinin formalaşmasında əsas söz sahibidir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün vacib təşəbbüslər göstərir. Azərbaycan Ermənistanla sülh sazişi imzalanmasının, sərhədlərin müəyyənləşdirilməsinin, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Bütün bunların fonunda Brüssel görüşü və onun nəticələri böyük önəm kəsb edir.

S.Fətəliyevanın sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra bəyan edib ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda da məhz Azərbaycanın bu mövqeyi öz əksini tapır. Bəyanatda əks olunduğu kimi, görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Həmçinin, humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Avropa İttifaqının bu proseslərə bundan sonra da dəstək verməyə hazır olduğu qeyd edilib. Şarl Mişel Naxçıvana və əks istiqamətdə dəmir yolu nəqliyyatının təmin edilməsi məsələsində yaxınlaşma olduğunu bəyan etdi. Bu, olduqca müsbət haldır. Əgər Ermənistan razılaşmaları pozmasa, dəmiryolunun bərpası Naxçıvanın blokadadan çıxarılmasında mühüm addım olacaq.

Deputat qeyd edib ki, Ermənistanın Brüssel formatına Fransa prezidenti Emanuel Makronu cəlb etmək istəyi iflasa uğradı. Məhz bu səbəbdən idi ki, Brüssel formatındakı görüşlərdə müəyyən fasilə yaranmışdı. Ötən ilin dekabrında görüş nəzərdə tutulsa da, erməni tərəfinin Fransa prezidentini formata daxil etmək cəhdləri səbəbindən baş tutmamışdı.  Fransa prosesdə açıq-aşkar Ermənistanın tərəfini tutur və Azərbaycana qarşı əssasız iddialarla çıxış edir. Prezident İlham Əliyevin dediyi kimi, belə olan halda Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçi ola bilməz. Göründüyü kimi, budəfəki görüş Azərbaycanın prinsipial mövqeyi nəzərə alınmaqla keçirildi.

“Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Ümumilkdə, Avropa İttifaqının vasitəçilik səyləri müsbətdir. Bu format Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində vacib addımdır. Ermənistanın isə sülhə gəlməkdən başqa şansı yoxdur. Rəsmi İrəvan bunu nə qədər tez anlasa, özü üçün bir o qədər yaxşı olacaq. Şarl Mişelin görüşün nəticələrinə həsr olunmuş bəyanatından göründüyü kimi liderlərin növbəti görüşləri də nəzərdə tutulur. Ümid edirik ki, bu görüşlər bölgədə sülhün təmin olunmasına töhfə verəcək”,-deyə deputat vurğulayıb.