YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadini qəbul edib.

Prezident İlham Əliyev Əhməd Əs-Səfadinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoydu.

İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı Azərbaycanla İordaniyanın dost və qardaş ölkələr olduğunu və əlaqələrimizin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirdi.

Əməkdaşlığımızın genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən Azərbaycan Prezidenti Əhməd Əs-Səfadinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə və münasibətlərimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi.

Dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu bildirən Əhməd Əs-Səfadi İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş etdi.

Qonaq vurğuladı ki, Azərbaycanla İordaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin əsasının qoyulmasında dünya səviyyəli şəxsiyyətlər Heydər Əliyevin və İordaniya Kralı Hüseyn bin Talalın xüsusi rolları olub.

Əhməd Əs-Səfadi qeyd etdi ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz böyük uğurlara və nailiyyətlərlə imza atıb. O, vurğuladı ki, Azərbaycan Avropanın ən qabaqcıl ölkələri ilə müqayisə oluna biləcək dərəcədə inkişaf yolundadır.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.

Sonda Əhməd Əs-Səfadi dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.