YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı ən yüksək səviyyədədir

«Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı ən yüksək səviyyədədir». Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, bəzi xarici qüvvələr Azərbaycanda insan haqları, demokratiyanın vəziyyətinə dair qərəzli mövqe ortaya qoyur. Onun sözlərinə görə, Almaniya Bundestaqında qəbul olunmuş sənəd də həmin qüvvələrin əməlidir.

«Bu sənəd həqiqətdən çox uzaqdır. Qətnamədə guya Azərbaycanda din azadlığının pozulduğu bildirilir. Bu iddia əsassız və gülüncdür. Azərbaycan Qərb dəyərləri ilə Şərq dəyərlərini birləşdirdiyinə görə bu ölkədə islam, xristianlıq, yəhudilik mədəniyyətləri və digər qədim ənənələr ahəngdar şəkildə qarışaraq bir-birini tamamlayıb. Tarixin bütün dövrlərində Azərbaycan xalqı tolerantlıq nümunəsi göstərib. Ölkəmizdə müxtəlif xalqların və millətlərin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşamaq imkanına malikdirlər, insanların milli əlamətə görə sıxışdırılması xalqımızın mentalitetinə və gündəlik praktikasına yad olan bir haldır. Qəribədir ki, Azərbaycana demokratiya dərsi keçmək niyyətinə düşmüş Almaniya Bundestaqının bəzi deputatları öz ölkələrində mövcud olan ksenofobiya, antisemitizm, islamofobiya halları, polisin həddindən artıq güc işlətməsi barəsində susmağa üstünlük verirlər. Bütün bunlar göstərir ki, həmin sənəd sifarişlə qəbul olunub»- deyə, Y.Abramov vurğulayıb.