YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanışı və IV Beynəlxalq "Tullantıdan sənətə" sərgisinin açılışı mərasimində iştirak edib

İyunun 14-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanış mərasimi keçirilib, IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub.

Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Həmin gün Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də açılıb.

Xəzər rayonundakı “Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının yekun günü festival çərçivəsində yaradılan maraqlı əsərlərin nümayişi ilə yadda qaldı.

Mərasimdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsərlərlə tanış oldu.

Festival Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA İctimai Birliyi, Müasir İncəsənət Muzeyi, “Qız qalası” incəsənət qalereyası və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən iyunun 11-də başlayıb.

Ənənəvi olaraq bu il də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunmuş festivalın bağlanış mərasimi isə ilk dəfə olaraq “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirildi. Bu il festivalda dünyanın 17 ölkəsindən 27 tanınmış rəssam iştirak edib.

Sonra IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı oldu.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış oldu.

Sərgidə 17 ölkədən 23 incəsənət nümayəndəsinin məişət tullantılarından istifadə edərək hazırladıqları sənət əsərləri yer alıb. Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşdırılıb. Sərginin məqsədi tullantılara dəyər qazandırmaq, onlarla rəftarda məsuliyyətli yanaşmanı təbliğ etməkdir. Bu gün Bakıda tullantıların tərkibində olan xammal və enerji bərpa olunur və istifadə edilir.