YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natali Qule: Təəssüf ki, Azərbaycan ilk Avropa Oyunları ilə bağlı Qərbin bəzi dairələrinin təzyiqləri ilə üzləşir

Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizdə olan Fransa Senatının üzvü Natali Qule və Senatın üzvü, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyhardın jurnalistlərlə görüşü keçirilib.

Görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın bu beynəlxalq tədbirlə dünyanı dostluğa, sülhə, qardaşlığa, bərabərliyə səslədiyini, müharibəyə, terrora qarşı birgə mübarizəyə çağırdığını bildirib.

Açılış mərasiminin onda heyrətamiz təəssürat yaratdığını deyən Natali Qule Azərbaycanın Avropa Oyunlarına qısa müddətdə belə yüksək səviyyədə hazırlaşmasının təqdirəlayiq olduğunu vurğulayıb. O, Azərbaycanda dini dözümlülüyün, tolerantlığın bir daha şahidi olduğunu bildirib. Ermənistan idmançılarının birinci Avropa Oyunlarında iştirakına yaradılan şəraiti buna misal göstərib.

Senatın üzvü vurğulayıb ki, Azərbaycan Qərbin etibarlı tərəfdaşıdır. Biz regionda Azərbaycan kimi mühüm tərəfdaşa böyük önəm veririk. Lakin təəssüf ki, Azərbaycan ilk Avropa Oyunları ilə bağlı Qərbin bəzi dairələrinin təzyiqləri ilə üzləşir. Qərb nəzərə almalıdır ki, Azərbaycan gənc ölkədir və onu dəstəkləməlidir.

Mətbuat Şurasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Milli Məclisin deputatı Cavanşir Feyziyev birinci Avropa Oyunları ilə əlaqədar dünyanın bir sıra tanınmış KİV-lərinin nümayəndələrinin ölkəmizə gəldiklərini, onların yerli media ilə sıx təmasda olduqlarını bildirib. O əlavə edib ki, Mətbuat Şurası hər zaman xarici KİV-lərin və ictimai xadimlərin yerli jurnalistlərlə görüşünü təşkil edir. Məqsəd yerli jurnalistlərin xarici mətbu orqanlarla birbaşa əlaqəsini təmin etməkdir.

Senatın üzvü Andre Reyhard Avropa Oyunlarının açılış mərasiminin onu valeh etdiyini deyib. Bildirib ki, Fransa bu Oyunlarda iştirak edən idmançılarının sayına görə üçüncü yerdədir. Digər ölkələr kimi, biz də bu Oyunlara böyük maraq göstəririk.

Senator qeyd edib ki, Azərbaycan gənc ölkə olaraq Avropanın dostudur. Lakin Azərbaycan bəzən yersiz təzyiqlərə məruz qalır.

Tədbirin sonunda Azərbaycan-Fransa münasibətlərinin yaxşılaşmasına səy göstərdiklərinə görə senatorlar Natali Qule və Andre Reyharda Mətbuat Şurasının fəxri diplomları təqdim edilib.