YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çinin Sinxua agentliyi birinci Avropa Oyunlarının açılış mərasimi ilə bağlı materialı idman bölməsinin baş xəbəri kimi təqdim edib

Çinin Sinxua agentliyi birinci Avropa Oyunlarının açılış mərasimi ilə bağlı materialı idman bölməsinin baş xəbəri kimi təqdim edib.

Materialda deyilir ki, Azərbaycanın paytaxtı 17 gün müddətinə Avropanın idman paytaxtına çevrilib.

Geniş reportajda bildirilir ki, iyunun 12-də Milli Olimpiya Stadionunda birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub. Mərasimin əvvəlində stadionun səhnəsinə min qız çıxıb və tamaşaçılar Azərbaycan xalçalarının ornamentləri ilə son dərəcə gözəl tarixi retrospektivə tamaşa ediblər.

Cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev və taekvondo üzrə gənclər arasında 2014-cü Olimpiya Oyunlarının çempionu Səid Quliyev birinci Avropa Oyunlarının alovunu Olimpiya stadionuna gətiriblər. Onlar stadionun mərkəzinə doğru irəlilədikcə ayaqları altında cadar-cadar torpaq təsviri yaranmağa başlayıb. Tamaşaçıların gözü qarşısında palçıq vulkanlarının əhatəsində Azərbaycanın təbiəti canlanıb.

Stadionun mərkəzindən qaya parçası ucalmağa başlayıb və birinci məşəl gələcək işləri işıqlandırmaq üçün torpağı alovlandırıb”.

Detalları gizli saxlanılan mərasim miqyası, baxımlılığı, unikal dekorasiyaları və innovativ texnoloji qərarları sayəsində tamaşaçıların yaddaşına həkk olundu. Kütləvi səhnələrdə, o cümlədən rəqs, balet, akrobatik nömrələrdə 6 mindən çox aktyor və könüllü iştirak edib.

Dünya şöhrətli Ledi Qaqa Con Lennonun “Imagine” mahnısını ifa edib.

2000-ci il Sidney Olimpiadasının sərbəst güləş üzrə çempionu Namiq Abdullayev (Azərbaycan), ikiqat Olimpiya çempionu, ikiqat dünya çempionu Yelena Zamolodçikova (Rusiya), 2004-cü il Afina Olimpiadasının üçmetrlik tramplindən sinxron tullanma üzrə çempionu Tomas Bimis (Yunanıstan), 2012-ci il London Olimpiadasının güllə atıcılığı üzrə çempionu Nikkolo Kampiani (İtaliya), 2012-ci il London Olimpiadasının cüdo üzrə çempionu Lüsi Dekos (Fransa), 2012-ci il London Olimpiadasının baydarka və kanoedə avarçəkmə üzrə çempionu Kristina Fazekaş (Macarıstan), 2012-ci il London Olimpiadasının boks üzrə çempionu Keti Teylor (İrlandiya) və 2012-ci London Olimpiadasının taekvondo üzrə çempionu Servet Tazegül (Türkiyə) Avropa Olimpiya Komitəsinin bayrağını təntənəli şəkildə meydana gətiriblər.

Avropa Olimpiya Komitəsinin bayrağı dalğalandırılıb.

“Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin nitqlərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan edib.

Mərasimin sonunda 68 min nəfərlik piyaləşəkilli Olimpiya Stadionu sanki alovlara bürünüb. Azərbaycanın paytaxtı 17 gün müddətinə Avropanın idman paytaxtına çevrilib. İyunun 12-dən 28-dək 50 ölkədən təqribən 6 min idmançı 20 idman növü, o cümlədən 16 Olimpiya, 4 qeyri-olimpiya növü üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq. İdmanın 11 növündə (velosiped idmanı, kamandan oxatma, yüngül atletika, boks, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, çimərlik voleybolu, cüdo və atıcılıq) 2016-cı ilin Olimpiya Oyunlarına lisenziyalar və lisenziya balları oynanılacaq.

Açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Sinxuanın müxbirləri yazırlar: “Təşkilatçıların sözlərinə görə, Oyunlar dünyanın bir çox ölkələrində birbaşa yayımlanıb. Ümumən 10-dan çox ölkənin dövlət və hökumət başçısı Bakının qonağı olub”.

 

DİGƏR Xəbərlər Arxiv