YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva birinci Avropa Oyunlarının final qarşılaşmasını izləyiblər

Qadınlar arasında sərbəst güləş yarışlarının qaliblərinə medalları Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib 

İyunun 15-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində qadınlar arasında sərbəst güləş yarışları keçirilib.

Millimizin üzvü Mariya Stadnik bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva final qarşılaşmasını izləyiblər.

Xanım idmançılar 4 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparıblar. 48 kiloqram çəki dərəcəsində yığmamızın liderlərindən olan Mariya Stadnik təsnifat mərhələsindən azad edilib. Dünya və dördqat Avropa çempionu mübarizəyə səkkizdəbir finaldan başlayıb. M.Stadnikin ilk görüşdə rəqibi portuqaliyalı Liliana Kosta dos Santos olub. İdmançımız rəqibinə böyük hesabla qalib gəlib: 12:2. Olimpiya mükafatçımız dörddə bir finalda fransalı Julye Sabatyedən də üstün olub. Mariya bu dəfə döyüşü 11:0 hesablı qələbə ilə başa çatdırıb. Təmsilçimiz finala gedən yolda polşalı İvona Matkovska ilə gücünü sınayıb. M.Stadnik bu döyüşdən də qalib ayrılıb: 8:2.

Mariya Stadnikin final görüşü də maraqlı və gərgin mübarizə şəraitində keçib. Bolqarıstanlı Elitsa Yankova ilə üz-üzə gələn Stadnik rəqibini 12:1 hesabı ilə məğlub edib və birinci Avropa Oyunlarının çempionu adını qazanıb. Beləliklə, Azərbaycan öz aktivinə daha bir qızıl medal yazıb.

Sonra qaliblərin mükafatlandırılması mərasimi olub.

Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva medalları qalib idmançılara təqdim edib.

Qalib idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səslənib, üçrəngli bayrağımız qaldırılıb.

Əlli beş kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Natalya Sinişin də yarışa səkkizdə bir finaldan başlayıb. Yalnız yarımfinalda uduzan Natalya Sinişin bununla bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb. Üçüncü yer uğrunda görüşdə Ukrayna idmançısı Tatyana Kitlə qarşılaşan Natalya Sinişin rəqibini 10:0 hesabı ilə məğlub edərək bürünc mükafata sahib olub.