YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə qaliblərə medalları təqdim edib

Birinci Avropa Oyunlarının üçüncü günündə yunan-Roma güləşçilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmalarını izləyiblər.

Yunan-Roma güləşi üzrə seçmə komandamızın aparıcı üzvlərindən biri olan Elvin Mürsəliyev 75 kiloqram çəki dərəcəsində mübarizəyə qoşuldu. İlk mərhələdə slovakiyalı Riçard Riqoya 8:0 hesabı ilə qalib gələn güləşçimiz səkkizdə bir finala yüksəldi. Həmin mərhələdə rumıniyalı İonel Puskasu ilə gərgin mübarizədən də soydaşımız qalib çıxdı.

Dörddə bir finalda Elvin Mürsəliyev Rusiya təmsilçisi, adlı-sanlı güləşçi Çingiz Labazanovla qarşılaşdı. Həmin görüşdə həmyerlimiz 4:2 hesabı ilə qələbə qazandı.

Yarımfinalda gürcüstanlı Zurabi Datunaşvili ilə qarşılaşan Elvin Mürsəliyev əzmkarlıq nümayiş etdirərək hesabda geri düşməsinə baxmayaraq, bu görüşdə 3:2 hesabı ilə qalib gəldi.

Finalda Elvin Mürsəliyevin rəqibi Serbiya idmançısı Viktor Nemes oldu. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibini 5:1 hesabı ilə məğlub edən Azərbaycan idmançısı xalqımıza növbəti qələbə sevincini yaşatdı.

Sonra yunan-Roma güləşi üzrə 75 kiloqram çəki dərəcəsində mükafatlandırma mərasimi oldu.

Medalları qaliblərə Prezident İlham Əliyev təqdim etdi.

Azərbaycanın dövlət himni səsləndirildi, dövlət bayrağı ucaldıldı.

Bundan əlavə, daha bir pəhləvanımız - 130 kiloqram çəki dərəcəsində Sabah Şəriəti də öz gücünü sınadı. Səkkizdə bir finalda Ukrayna idmançısı Mikola Kuçmini 8:0 hesabı ilə məğlub edən idmançımız dörddə bir finalda Gürcüstan təmsilçisi Yakobi Kajayaya 5:2 hesabı ilə qalib gəldi.

Yarımfinalda isə Sabah Şəriəti Belarus təmsilçisi İosib Çuqoşvilini 5:0 hesabı ilə məğlubiyyətə uğratdı.

Finalda Sabah Şəriətinin rəqibi məşhur türkiyəli güləşçi Rza Kayaalp oldu. Gərgin keçən qarşılaşma Rza Kayaalpın qələbəsi ilə nəticələndi. Beləliklə, Sabah Şəriəti gümüş medalla kifayətlənməli oldu.

Yunan-Roma güləşi üzrə daha bir idmançımız - 66 kiloqram çəki dərəcəsində çıxış edən Həsən Əliyev bürünc medal uğrunda görüşdə serbiyalı Aleksandr Maksimoviçi məğlub edərək birinci Avropa Oyunlarının bürünc medalını qazandı.

 

DİGƏR Xəbərlər Arxiv