YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Batumidə “Bakı-2015” ilk Avropa Oyunlarının açılışına həsr olunan ziyafət verilib

Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki baş konsulluğu iyunun 12-də “Bakı-2015” ilk Avropa Oyunlarının açılışına həsr olunan ziyafət təşkil edib.

Tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Avtandil Beridze, Batumidə fəaliyyət göstərən diplomatik korpusun üzvləri, muxtar respublikanın hökumət aparatının və nazirliklərinin məsul işçiləri, Batumi Dövlət Universitetinin professor, müəllim və tələbə heyəti, Kulevi terminalının və “SOCAR-Georgia” şirkətinin nümayəndələri iştirak ediblər.

Baş konsul Hüseyn Nəcəfov Avropanın tarixində ilk dəfə Azərbaycanda keçirilən “Bakı-2015” ilk Avropa Oyunları barədə ətraflı məlumat verib, idman yarışlarının keçiriləcəyi 17 gün ərzində qitənin bütün guşələrindən 6 mindən çox atletin bu Oyunlarda öz ölkələrini təmsil edəcəklərini diqqətə çatdırıb.

Diplomat sözügedən hadisənin əhəmiyyətini vurğulayıb, onun dünya idman tarixində yeni səhifə açacağını qeyd edib. H.Nəcəfov Avropa Olimpiya Komitəsi tərəfindən ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə dair 2012-ci ildə qəbul olunmuş qərar barədə məlumat verərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 17 yanvar tarixli Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında birinci Avropa Oyunlarının keçirilməsinə məsul olan Təşkilat Komitəsi yaradılıb.

Baş konsul Avropa Oyunlarına 16-sı Olimpiya olmaqla 20 idman növünün daxil olduğunu deyib, Oyunların proqramı çərçivəsində paralimpiya cüdosu üzrə yarışların keçiriləcəyini vurğulayıb. İdmançılarımızın son Yay Olimpiya Oyunlarında uğurları barədə məlumat verən diplomat qeyd edib ki, bu Oyunlarda Azərbaycan komandası 30-cu yerə layiq görülüb, Avropa ölkələri arasında isə 15-ci yerə yüksəlib. Eləcə də yeniyetmələrin 2014-cü il Olimpiya Oyunlarında ölkəmizin təmsilçiləri 10-cu yeri tutublar ki, bu da tarixi nailiyyətdir.

H.Nəcəfov “Bakı-2015” ilk Avropa Oyunlarının rəmzi olan Ceyran və Nar barədə məlumat verib, onların Azərbaycanın əsrarəngiz təbiətinin və zəngin mədəni irsinin rəmzləri olduğunu, eyni zamanda, ölkənin böyük keçmişini və parlaq gələcəyini əks etdirdiyini diqqətə çatdırıb.

Acarıstan MR Ali Sovetinin sədri Avtandil Beridze çıxış edərək Azərbaycan dövlətini və xalqını ilk Avropa Oyunlarının keçirilməsi münasibətilə təbrik edib, Azərbaycan və gürcü idmançılarına uğurlar arzulayıb. A.Beridze qeyd edib ki, bu tədbir əhəmiyyətli idman bayramıdır və bu hadisəni Azərbaycan dövləti və xalqı ilə böyük sevinclə bölüşür.

Daha sonra tədbir iştirakçıları ilk Avropa Oyunlarının açılışı mərasiminə tamaşa ediblər.

Batumidə keçirilmiş tədbir və baş konsulun müsahibəsi “Ajara TV” telekanalında yayımlanıb.