YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində məşhur “Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisinin açılış mərasimində iştirak edib

İyunun 12-də Heydər Əliyev Mərkəzində dünyanın məşhur sərgilərindən olan və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan “Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisinin açılış mərasimi keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Arzu Əliyeva və “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimini izləmək üçün paytaxtımıza gələn Monako knyazı, Qreys Kellinin oğlu, Monako Şahzadəsi II Albert iştirak ediblər.

Birinci Avropa Oyunları zamanı şəhərimizin sakinləri və çoxsaylı qonaqları üçün növbəti hədiyyə Heydər Əliyev Mərkəzində bütün dünyada ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan “Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisinin təşkil edilməsi oldu.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində xarici ölkələrdən Bakıya səfər edən tanınmış ictimai-siyasi və idman xadimləri ilə görüşdü.

Mehriban Əliyeva və II Albert sərginin açılışını bildirən rəmzi lenti kəsdilər.

Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar və Monako Şahzadəsi II Albert sərgi ilə tanış oldular.

Azərbaycanda ilk dəfə keçirilən bu nadir sərgi tanınmış Hollivud aktrisası və Monako şahzadəsi Qreys Kellinin həyat yoluna həsr olunub.

Heydər Əliyev Mərkəzindəki sərgi premyera ilə də yadda qalacaq. Bakı tamaşaçılarına ümumilikdə 200-dən artıq eksponat təqdim edilir. Bu eksponatlar sırasında həyatını avtomobil qəzasında itirən şahzadənin sevimli avtomobilləri də var. Onlar ilk dəfə məhz Bakıda nümayiş olunur. Sərgidə Qreys Kellinin müxtəlif filmlərdə çəkiliş zamanı, eləcə də Monako şahzadəsi olduqdan sonra mərasimlərə geyindiyi libasları, onların hazırlanması tarixçəsi, həmçinin bu geyimlərlə bağlı maraqlı faktlar izləyicilərə çatdırılır. Qreys Kelliyə məxsus aksessuarlar sırasında onun sevimli ayaqqabıları, boyunbağıları, əlcəkləri, çantaları var. Sərgidəki libaslar, Qreys Kellinin geyimləri və aksessuarlar onun milyonların sevimlisinə və kumirinə çevrilməsinə səbəb olan xarakterini bir daha açmağa imkan verir. Bir vaxtlar Qreys Kellinin “Mən köhnə paltarlarıma köhnə dostlarım kimi sədaqətliyəm” sözləri qəzet və jurnallarda sitata çevrilmişdi. Sərgi bu sözlərin müəllifi Qreys Kellinin timsalında sadəlik və stil ikonası olmağın sirlərini öyrənməyə imkan verir.

“Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib. Bundan sonra ekspozisiya Paris, Moskva, Roma, San-Paulo, Toronto, Bendiqo, Astana, Monreal, Doylestaun və Apeldorn şəhərlərində təqdim olunub.

Qreys Kelli Hollivudun məşhur kino ulduzlarından olub. O, 1951-1956-cı illərdə Qari Kuperlə birlikdə çəkildiyi “Günorta çağı” filmi daxil olmaqla 11 ekran əsərində rol alıb. Qreys Kelli tanınmış rejissor Alfred Hiçkokun sevimli aktrisası idi. A.Hiçkok gözəl aktrisanı bir neçə filmində baş rola çəkib. Qreys Kelli “Kənd qızı” filmində yaratdığı obraza görə “Oskar” mükafatına layiq görülüb. O, həmçinin iki dəfə “Qızıl qlobus” mükafatını qazanıb. 1955-ci ildə Kann Film Festivalı zamanı Monako knyazı III Renye ilə tanışlığı isə onun həyatının axarını dəyişdirib. Qreys Kelli bu tanışlıqdan bir il sonra III Renye ilə evlənərək kino karyerasına son qoyub. Üç övlad anası olan şahzadə Qreys ictimai fəaliyyətlə, xeyriyyəçiliklə məşğul olub. Həm aktrisalıq, həm də Monako şahzadəsi olduğu dövrlərdə özünəməxsus tərzinə, mükəmməl geyim zövqünə görə diqqəti cəlb edib.

Heydər Əliyev Mərkəzindəki bu sərgi ziyarətçilər üçün iyunun 13-dən noyabrın 1-dək açıq olacaq.