YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: İdman ictimaiyyəti həyatımızın ayrılmaz hissəsidir

“İdman ictimaiyyəti həyatımızın ayrılmaz hissəsidir. Təsadüfi deyil ki, birinci Avropa Oyunları Bakıda keçirilir. Hesab edirəm ki, burada idmançılarımızın uğurları ilə yanaşı, digər amillər də öz rolunu oynamışdır. Azərbaycanda çox inkişaf etmiş idman infrastrukturu yaradılmışdır. Bizim bölgələrimizdə 50-yə yaxın olimpiya idman mərkəzi yaradılmışdır. Bakıda isə bütün idman qurğuları, idman obyektləri ən yüksək standartlara cavab verir. Oyunların iştirakçıları və qonaqlar özləri bunu təsdiq edəcəklər.

Şəhər infrastrukturu çox inkişaf edib. Xüsusilə Oyunlara hazırlıq zamanı bu sahəyə daha böyük diqqət göstərilmişdir. Nəqliyyat sistemimizin, xidmət sektorunun təkmilləşdirilməsi, yeni otellərin açılışı əlbəttə ki, gələcəkdə Azərbaycana gələn turistlərin sayını böyük dərəcədə artıracaq. Eyni zamanda, Avropadan gələn minlərlə qonaq Azərbaycanı yaxından tanıyacaq. Əminəm ki, onların bir çoxu gələcəkdə Azərbaycana qayıtmaq istəyəcəklər.” Bu fikirləri iyunun 12-də Heydər Əliyev Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə rəsmi qəbulda  Azərbaycan Prezidenti İlham Əliyev səsləndirib.

Prezident İlham Əliyev daha sonra qeyd etmişdir ki,  Azərbaycanda siyasi sabitlik mövcuddur. Ölkənin uğurlu dayanıqlı inkişafı təmin edilir. İqtisadi inkişafımız da xalqımızı sevindirir. Bu il iqtisadiyyat 5 faizdən çox artmışdır. Son 10 il ərzində isə dünya miqyasında Azərbaycan iqtisadiyyatı ən sürətli templərlə inkişaf etmişdir və 3 dəfədən çox artmışdır. Bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, biz bu Oyunları yüksək səviyyədə keçirək. Biz buna çalışmışıq və əminəm ki, qonaqlar Oyunları böyük maraqla izləyəcəklər.