YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsl elm fədaisi...

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü, professor

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Azərbaycanda oftalmologiya elminin inkişafında böyük xidmətləri olan Zərifə xanımın vəfatından 38 il ötür. O, 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edib. Onun cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda, atasının məzarı yanında dəfn olunub.

1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Şahtaxtı kəndində anadan olan Zərifə Əliyeva 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Akademik Zərifə Əliyevanın həyat yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün mənəviyyat dərsi, peşəkarlıq nümunəsidir. Böyük alimin illər öncə söylədiyi “Həkim xəstənin ağrılarını öz ağrıları kimi yaşamalıdır” fikri bu gün də olduqca aktualdır. Zərifə xanım həqiqi alim kimi bütün çətinliklərdən keçib, vətən qarşısında ziyalı məsuliyyəti, dərin biliyi və dünyagörüşü sayəsində mühüm elmi nailiyyətlərə imza atıb. O, gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsində bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülüb. Zərifə Əliyeva keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim idi.

Zərifə xanım Azərbaycan tarixinə həm də görkəmli ictimai xadim kimi daxil olub. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, həmçinin Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etdiyi kimi onun elmi-pedaqoji və ictimai fəaliyyəti də Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. O, elmi yaradıcılığında hər zaman ciddi problemlərə toxunub, göz xəstəliklərinin qarışını almaq və onları ən effektiv yolla müalicə etmək üçün əlindən gələni edib. Alimin bu gün də aktual olan elmi araşdırmaları və əldə etdiyi nailiyyətlər bir daha onun uzaqgörənliyini, böyük hədəflərə nail olduğunu sübut edir.

Akademik Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Zərifə xanımın inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar.

Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Gözəl bir ailədə doğulan Zərifə Əliyeva çox qayğıkeş ana olub və ölkəmizə layiqli övladlar yetişdirib. Vaxtilə onu bir alim, xeyirxah insan və qayğıkeş ana kimi xarakterizə edən keçmiş SSRİ-nin Səhiyyə naziri S.P.Burenkov yazırdı:

"Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibət də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. O özünə rəhm etmirdi, analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. Hərdən analar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar ki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım belə analardan idi".

Burenkov qeyd edirdi ki, Zərifə Əliyeva özünü tibbi tədqiqatların istedadlı təşkilatçısı, sənaye oftalmologiyası sahəsində görmə orqanının peşə patologiyası məsələləri üzrə böyük mütəxəssis, dərin klinik təfəkkürə və zəngin pedaqoji təcrübəyə malik alim kimi göstərib: "O, ölkədə ilk dəfə olaraq sənaye istehsalının müxtəlif sahələrində göz xəstəliklərinin profilaktikasına dair geniş tədqiqatlar aparıb".

Oftalmoloq-alim eyni zamanda həmvətənlərinin qayğısına qalan humanist insan idi. Onun həyat ideyaları və şəxsiyyəti bu gün müasir Azərbaycan gəncliyi üçün bir örnəkdir. Həyatda böyük sevgi qazanmaq, özündən sonra nurlu xatirələr qoyub getmək çox az adamın taleyinə yazılır. Akademik Zərifə xanım Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır. Onun işıqlı xatirəsi xalqımızın ürəyində əbədi yaşayacaq.