YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü olub

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dedi ki, hər dəfə də ünsiyyətdə olmağa, fikir mübadiləsi aparmağa vaxt tapırıq. Bu görüşlər bizim münasibətlərimizə dinamizm əlavə edir. Belarus bizə dost, qardaş dövlətdir. Biz bu münasibətləri çox yüksək qiymətləndirir, qarşılıqlı siyasi əlaqələr, iqtisadi əməkdaşlıq məsələlərində nisbətən qısa müddətdə qazandığımız uğurlara görə fəxr edirik. Biz bütün istiqamətlərdə yalnız müsbət dinamika görürük.

Bizim münasibətlərimiz səmimi, etibarlı olması ilə fərqlənir. Bu münasibətlər bizim qarşıya qoyduğumuz vəzifələri müvəffəqiyyətlə gerçəkləşdirməyə yönəlib və tabeliyimizdə olanlar bu vəzifələrin öhdəsindən uğurla gəlirlər. Şadam ki, Siz birinci Avropa Oyunlarının açılış mərasiminə gəlməyə vaxt tapmısınız. Bu, həm Azərbaycan, həm də Avropa üçün əlamətdar hadisədir. Bilirəm ki, Belarus Oyunlarda güclü heyətlə təmsil olunub. Sizin komandanıza uğurlar və medallar arzulayıram. Azərbaycan və Belarus komandalarına birlikdə azarkeşlik edəcəyik.

Belarus Respublikasının Prezidenti Aleksandr LUKAŞENKO dedi ki,  Asiyada, Afrikada, Latın Amerikasında bu cür idman tədbirləri keçirilir, Avropada isə bunu başa düşən yox idi. Ona görə, səmimi sözümdür, Sizi təbrik edirəm və Sizə qibtə edirəm. Əvvələn, ona görə ki, birinci Avropa Oyunları məhz Bakıda keçirilir. İkincisi, Sizi təbrik edirəm ki, Siz bu Oyunlara ən qısa müddətdə - cəmi iki il ərzində hazırlaşa bildiniz. Səmimi deyirəm, əgər Siz bundan əvvəl heç nə etməsəydiniz, bu, mümkün olmazdı. Lakin bu Avropa Oyunları Sizin bütün tədbirləri başa çatdırmağınıza təkan verdi. Bu sözlər Dənizkənarı bulvardan başlayaraq idman obyektlərinə qədər bütün işlərə aiddir. Ümumiyyətlə, çox böyük iş görülüb. Afərin! Biz bu işin görüləcəyinə şübhə etmirdik. Lakin hər şeyin bu qədər gözəl olması bizi, sadəcə olaraq, heyrətləndirdi. Mən bunu Sizə dünən də demişdim. Afərin! Bakı çox gözəl şəhərdir. Ən başlıcası, biz çoxlu obyektlərin tikildiyi çox şəhərlər tanıyırıq, lakin Sizin tikdiyiniz binaların bu dərəcədə düşünülmüş, şəraitə uyğunlaşdırılmış olması hörmətə layiqdir.

Buna görə Avropa Oyunlarına qədər gördüyünüz işlər münasibətilə Sizi bir daha təbrik etmək istəyirəm. Əminəm ki, Sizin idmançılar buna yüksək uğurlarla cavab verəcəklər. İnanın ki, hətta bizim qələbəyə ümid bəslədiyimiz bəzi idman növlərində bizə qalib gəlsəniz, buna görə qanımız qaralmayacaq. Çünki biz həqiqətən bir-birimizə yaxınıq və bizim münasibətlərin yaxşı təməli var.