YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarının açılış mərasimi münasibətilə Vaşinqtonda tədbir keçirilib

“Bakı-2015” Avropa Oyunlarının möhtəşəm açılış mərasimini canlı izləmək və bu idman bayramını qeyd etmək məqsədilə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonda xüsusi tədbir təşkil edilib.

Tədbirə Avropa və digər ölkələrin Vaşinqtondakı səfirləri və diplomatik təmsilçiləri ilə yanaşı, ölkəmizə dost dövlətlərin nümayəndələri və eləcə də ABŞ hökumət rəsmiləri qatılıblar. İştirakçılar arasında həmçinin yerli ictimaiyyət, o cümlədən Azərbaycan, türk, yəhudi və gürcü icmalarının üzvləri olub.

Qonaqları salamlayan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etmək kimi tarixi bir ilkə imza atdığını bəyan edib və bu önəmli beynəlxalq idman tədbirinin ümdə məqsədinin dünyada cərəyan edən hadisələr və Avropanın müxtəlif bölgələrində yaşanan gərginliklər fonunda xalqları və insanları ümumi amallar ətrafında birləşdirmək olduğunu söyləyib. O bu mənada “Bakı-2015” birinci Avropa Oyunlarının Azərbaycanın Avropa qitəsində sülh, əmin-amanlıq və qarşılıqlı anlaşmanın bərqərar olmasına verdiyi bir töhfə olduğunu bildirib. Səfir yüksək səviyyədə hazırlıq görülmüş Avropa Oyunlarının arxasında Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yorulmaz səylərinin dayandığını və bu tarixi hadisənin gerçəkləşməsində oynadığı əvəzedilməz rolu vurğulayıb. E.Süleymanov uzun illər yalnız xoş niyyət və layihə mərhələsində qalmış Avropa Oyunlarının Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin nümayiş etdirdiyi qətiyyətli liderlik sayəsində ərsəyə gəldigini göstərib.

Tədbir iştirakçıları birinci Avropa Oyunlarının Bakıdan canlı yayımlanan heyrətamiz açılış mərasiminə böyük diqqət və maraqla tamaşa ediblər və izləyənlər arasında olan müxtəlif iştirakçı ölkələrin təmsilçiləri stadiona daxil olan öz milli komandalarını alqışla qarşılayıblar. Lakin tədbirdə ən böyük sevinc, fərəh və qürur hisslərini şübhəsiz zaldakı azərbaycanlı iştirakçılar yaşayıblar.

“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində baş tutacaq yarışmaları ABŞ tamaşaçıları “Universal Sports Nerwork” telekanalı vasitəsilə izləyəcəklər.