YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Əli Həsənovun 75 illik yubileyi münasibətilə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Əli Həsənovun 75 illik yubileyi münasibətilə görüş keçirilib.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edib. YAP Sədrinin müavini bildirib ki, Əli Həsənov Heydər Əliyev ideyalarına sadiq, möhkəm əqidəli və vətənpərvər şəxsiyyət kimi uzun müddət müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərərək öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib və ölkəmizin inkişafına sanballı töhfələr verib. Əli Həsənovun 2013-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının Sədr müavini kimi partiyanın təşkilatlanmasında və inkişafında xidmətlər göstərdiyini vurğulayan Tahir Budaqov qeyd edib: “Təsadüfi deyil ki, çoxillik və məqsədyönlü fəaliyyətiniz ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmağınız əməyinizə verilən yüksək dəyərin bariz nümunəsidir”.

“Hazırda da YAP Veteranlar Şurasının üzvü kimi Ümummilli Liderin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, Yeni Azərbaycan Partiyasının tarixi ənənələrlə müasir çağırışların vəhdətinə və varislik prinsipinə əsaslanan siyasi dəyərlərinin gənc nəslə aşılanması istiqamətində məqsədyönlü fəaliyyətinizi uğurla davam etdirərək  partiyamızın həyatında yaxından iştirak edirsiniz”,- deyən YAP Mərkəzi Aparatının rəhbəri Əli Həsənova fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayıb. 

Yubilyarı təbrik edən Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə qeyd edib ki, Əli Həsənov uzun müddət müxtəlif vəzifələrdə uğurla çalışaraq ona göstərilən etimadı layiqincə doğruldub. Əli Həsənovun hazırda YAP Veteranlar Şurasının üzvü kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdıran Arif Rəhimzadə yubilyara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.

Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən Əli Həsənov Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən Heydər Əliyev ideyalarına daim sadiq olduğunu diqqətə çatdırıb. O, Ümummilli Liderin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, Azərbaycanın tərəqqisində müstəsna rol oynayan Yeni Azərbaycan Partiyasının həyatında yaxından iştirak etməkdən qürur duyduğunu bildirib. Əli Həsənov bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.