YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi fəaliyyyətin ilk addımları

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimidir. Onun istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi belə bir aydın və istisnasız qənaətə gəlməyə imkan verir. Həm sovet, həm də müstəqillik illərində ölkəyə rəhbərlik edən Heydər Əliyev Azərbaycanı inkişafının çox yüksək səviyyəsinə qaldırdı. Amma sovet dövründən fərqli olaraq, XX əsrin sonlarında Heydər Əliyev əvvəlcə müstəqil Azərbaycanı qurdu və sonra da onu inkişafının yüksək səviyyəsinə çatdırdı. Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də incə siyasət yeridilməsində Heydər Əliyevin şəxsi keyfiyyətlərini xüsusi olaraq qiymətləndirmək lazımdır. 1994-cü ilin aprelində Bərdə rayonunda ictimaiyyətin nümayəndələri qarşısında çıxışı zamanı Heydər Əliyev deyirdi: “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır.”

Amma təəssüf ki, 1993-cü ildə Heydər Əliyev Bakıya dəvət olunanda  Azərbaycan Ordusu ağır böhran keçirirdi. İlk növbədə orduya vahid dövlət rəhbərliyi təmin edilməmiş, ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramı yox idi. Ordu siyasi proseslərə cəlb edilmiş, ordu daxilində siyasi mənsubiyyətə və məqsədlərə görə parçalanma yaranmış, ordu daxilində xaos, özbaşınalıq, qanunsuzluqlar baş alıb gedirdi. Orduya çağırış işi özbaşına buraxılmış, ordunun döyüş qabiliyyəti zəruri tələblərə cavab vermirdi. Bu nöqsanların sayını artırmaq da olar. Başlıcası isə ordu quruculuğu ilə bağlı cəmiyyət daxilində son dərəcə bədbin bir əhval-ruhiyyə var idi və bu da öz növbəsində ordunun varlığına əks təsir göstərirdi. Ölkə daxilində güclənməkdə olan qeyri-sabitlik isə bu sahədə ümidverici bir addımın atıla biləcəyini şübhə altına qoyurdu. Azərbaycan Ordusunun formalaşdırılması sahəsində Heydər Əliyevin tarixi fəaliyyyətinin ilk addımları Naxçıvanda atıldı. Bu böyük dövlət xadiminin Muxtar Respublikadakı qısa fəaliyyəti bir daha göstərdi ki, məsqədyönlü, milli maraqları qoruyan siyasət yeridilməsi, xalqın milli maraqlar ətrafında birləşdirilməsi ən mürəkkəb vəzifələri belə həyata keçirməyə imkan verir. Heydər Əliyev parlaq zəkası və bənzərsiz təşkilatçılıq qabiliyyəti ilə həm Naxçıvanın erməni təcavüzündən müdafiəsini, həm də Muxtar Respublika ərazisində milli ordunun hərbi hissələrinin sağlam əsaslar üzərində formalaşmasını təmin etdi və bununla da respublikanın iqtidarında olan qüvvələrə də dövlətçilik nümunəsi göstərdi. Hərbi xidmətdən yayınmış, fərarilik etmiş və digər hərbi cinayətlər törətmiş şəxslərin valideynləri ilə keçirilən görüşdə çıxış edən Heydər Əliyev dövlət quruculuğundakı yerini tam dəqiqliklə təsvir edir:  “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir... Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir.”

Ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən birini Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. Ulu öndər Heydər Əliyev deyirdi: “Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir.” O, xalqın gücü qarşısında hər cür qüvvənin sönük olduğunu təsdiq edir və öz fəaliyyətinə də ən böyük dəstəyi xalqın etibarında və etimadında görürdü. Ölkə həyatının ən böyük problemlərinin həllində də o, məhz xalqın gücünə arxalanırdı və ölkə həyatının mürəkkəb anlarında da xalqı ayağa qaldırmağı və milli mənafelər ətrafında onu səfərbər etməyi bacarırdı.

Müstəqil Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi. Ölkədə mövcud olan mürəkkəb siyasi proseslərin Heydər Əliyevin müstəsna fəaliyyəti ilə aradan qaldırılması bir möcüzəyə oxşayırsa, ordunun böhrandan çıxarılması və yeni özünə güvənən, dövlətinin təhlükəsizliyini qoruyan bir ordunun formalaşdırılması həmin möcüzənin təkrarı idi. Bu sahədə mövcud olan problemlər son dərəcə çoxşaxəli idi və müəyyən hallarda qeyri-adekvat tədbirlərin həyata keçirilməsi zərurəti də son dərəcə aktual idi. Lakin bu problemlər də həll edildi. Heydər Əliyev bu sahədə də bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi. Ümummilli lider Heydər Əliyev 2002-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi və Ali Hərbi Təyyarəçilik Məktəbi məzunlarının buraxılışına həsr olunmuş mərasimdə çıxışı zamanı böyük uzaqgörənliklə deyirdi: “Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir.” Heydər Əliyevin tövsiyyələri əsasında formalaşmış ordu, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızı azad etdi.

DİGƏR Xəbərlər Arxiv