YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənpərvərlik hissi ordunun qüdrətinin əsasıdır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri  

Hər bir ölkənin güclü iqtisadiyyata və nizami orduya malik olması əsas şərtdir. Müstəqilliyimizin ilk illərinə nəzər saldıqda görürük ki, Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəçisi kimi çıxış edirdi. Ölkənin nizami ordusunun olmaması vətəndaşları öz güclərinə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qoyurdu. Həmin dövrdə fərarilik baş alıb gedirdi. Azərbaycan gəncləri müxtəlif bəhanələrlə ordu sıralarına getməkdən yayınırdılar. Belə olan halda vətənpərvərlik hissinin aşılanmasından söhbət gedə bilməzdi. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürən ulu öndər Heydər Əliyev ölkədə sabitliyi bərpa edib, normal iqtisadi mühit formalaşdırmaqla bütün sahələrin inkişafına, o cümlədən ordu quruculuğuna geniş imkanlar açdı. Ümummilli Liderin beynəlxalq standartlara cavab verən ordunun formalaşdırılması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkdi. Bir mühüm məqamı da qeyd edək ki, ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək hərbi kadrların hazırlanması məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasını qoymuşdur. Bu gün orduda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin liseyin yetirmələridir.

Bu məqam hər zaman xüsusi vurğulanır ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğının dövlət siyasətinin əsasına çevrilməsi ordu quruculugu sahəsində müsbət irəliləyişlərə, ən əsası gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə öz müsbət təsirini göstərdi. Ümummilli Lider bildirirdi ki, gələcəyimiz bugünkü gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Gənclərimiz tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi öyrənməli və təbliğ etməlidirlər. Ümummilli lider Heydər Əliyev bildirirdi: “Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik.”

Son 20 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ordu quruculuğu sahəsində də özünü qabarıq şəkildə büruzə verir. Nizami Silahlı Qüvvələrinin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərir.

Azərbaycanın Ordusunun gücündən, qüdrətindən bəhs edərkən tarixi Zəfərimizi böyük qürur hissi ilə qeyd edirik. Uğurlarımızın zirvəsində dayanan möhtəşəm Qələbəmiz özündə bütün məqamları ehtiva edir. Azərbaycan Ordusu hansı imkanlara malik olduğunu, torpaq, Vətən sevgisini göstərdi. 44 gündə 30 ilin işğalına son qoymaq böyük şücaət, qəhrəmanlıqdır.  Qanları, canları ilə tarix yazan şəhidlərimizin həyat yolu bir vətənpərvərlik məktəbidir. İndiki və gələcək nəsillər bu məktəbi daha dərindən öyrənməlidirlər.

Ulu öndər Heydər Əliyevin vaxtilə böyük əminliklə söylədiyi “Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəklər” fikirləri iki ildən artıqdır ki, reallığa çevrilib. Qarabağ və Şərqi Zəngəzur azaddır.