YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Hər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri hədəflərin düzgün müəyyən edilməsidir. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə düzgün qurulan siyasətin rolu özünü aydın şəkildə nümayiş etdirir. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə idarəçilik qabiliyyəti olmayan, öz şəxsi ambisiyalarının girovuna çevrilən ünsürlərin rəhbərlik etməsi bütün sahələrdə, o cümlədən ordu quruculuğunda uğursuzluqlara səbəb oldu. Bu isə 20 faiz torpağımızın işğalına, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün düşməsinə gətirib çıxardı.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan yenidən quruldu, bütün sahələrdə inkişaf, tərəqqi dövrü başladı. Ümummilli Lider bu çağırışı etmişdir: “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir.” Bu fikirlərin davamı olaraq, həmçinin bildirilirdi ki, ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülsevər dövlətik.  Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir.

Son 20 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursu bütün istiqamətlərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Müstəqil Azərbaycanın bütün sahələrində əldə etdiyi uğurlar konkret məqsədlərə yönəlmiş çevik iqtisadi siyasətin nəticəsidir. Fərəhləndirici haldır ki, digər sahələrdə olduğu kimi, ordu quruculuğunda aparılan islahatlar da uğurla davam etdirilir. Müxtəlif səviyyələrdə səslənən “Azərbaycan ordusu regionda ən güclü ordular sırasındadır” sözləri bu reallığı təsdiqləyir.

Ordu quruculuğu sahəsindəki islahatları ilə müdafiə qüdrətimizi gücləndirən ümummilli lider Heydər Əliyev də vurğulayırdı ki, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.

Ordu quruculuğu sahəsində əldə olunan uğurlardan biri Müdafiə Sənayesi Nazirliyinin yaradılması, beynəlxalq sərgilərdə iştirakımız, hərbi ekspertlərin “Azərbaycan markası” ilə istehsal olunan avadanlıqlara marağının artmasıdır.

Bu gün dünya Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqları yaşayır, ölkəmizin müharibə təcrübəsi, dastana çevrilən Şuşa əməliyyatı dərindən öyrənilir, təhlil edilir. Bu, Azərbaycan Ordusunun nəyə qadir, hansı imkanlara malik olduğunun göstəricisidir. Torpaq, Vətən sevgisi şanlı Qələbəmizi şərtləndirən  amillər sırasında xüsusi yer tutur.

Ordumuzda vətənpərvərlik ruhu yüksək olduğu kimi hərbi hazırlıq məsələləri də daim diqqətdə saxlanılır. Azərbaycan Ordusunun beynəlxalq standartlara cavab verməsi əsas prioritetlər sırasındadır. NATO ilə əməkdaşlığı gücləndirən Azərbaycanda ordu quruculuğu istiqamətində islahatlar dünya təcrübəsindən yararlanmaqla davam etdirilir. Ordunun modernləşməsi, hərbi hissələrin ən müasir silahlarla təchiz olunması üçün ən müasir silahlar alınır, əsgər və zabitlərin mənzil- yaşayış şəraiti yaxşılaşdırılır. “Qeyd etdiyim kimi, ordu quruculuğu bizim üçün prioritet məsələdir və bu, gələcəkdə də belə olacaq” söyləyən Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrini diz çökdürən, torpaqlarımızdan qovan rəşadətli Ordumuzun təminatını daha da gücləndirmək üçün mühüm addımlar atır. Ermənistan qüdrətli Azərbaycan Ordusunun şücaəti qarşısında gücsüzlüyünü etiraf etdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı.