YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəfə çatmaq üçün bütün imkanlar mövcuddur

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Tarixi Zəfərimiz Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunun təqdimatında əhəmiyyətli rol oynayır. Bu reallıq hər kəsə aydındır ki, ölkəmizdə bütün sahələrin inkişafı 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı. Azərbaycan dövlət müstəqilliyini 1991-ci il 18 oktyabr tarixində yenidən bərpa etsə də bu sevinci dahi şəxsiyyətin hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. İlk illərdə ölkəyə idarəçilikdən xəbərsiz, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı uçurumun kənarına qoymuşdu. Azərbaycanda xaos, anarxiya, özbaşınalıqlar baş alıb gedir, torpaqlarımız biri-birinin ardınca işğal edilirdi. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan bu faciələrdən xilas oldu. 1994-cü il 12 may tarixində ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması bütün sahələrin uğurlu inkişafını şərtləndirdi. Ulu öndər Heydər Əliyev bildirmişdir: “Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli ordumuzun yaradılması olmuşdur.”

Son illərdə Prezident İlham Əliyevin yeniliyə, təkmilləşməyə əsaslanan siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə, o cümlədən ordu quruculuğunda yaradılan möhkəm təməl üzərində davamlı uğurlara imza atır. Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Dünya Azərbaycan Ordusunun gücünü tarixi Zəfərimizdən öncə 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında görmüşdü. Aprel döyüşlərində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin minlərlə hektar hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dörd günlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevincini yaşatdı. Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası ərazisində keçirdiyi Günnüt əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndirdi, işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi.

2020-ci ildə Azərbaycan Ordusu çoxəsrlik tariximizin Zəfər səhifəsini yazdı. Ölkənin ərazi bütövlüyü və tarixi ədalət bərpa edildi. 30 il dünya güclərinin icrasına nail olmadığı BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan Ordusu təkbaşına icra etdi. Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü dünyaya nümayiş etdirdi. Bu tarixi Qələbə, ilk növbədə,  ölkə  Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi şücaəti ilə qazanıldı. 2020-ci ilin 10 dekabr tarixində Azərbaycanın tarixi Zəfərinin dünyaya təqdimatı olan Zəfər paradı keçirildi.  Zəfər paradı bir daha işğalçı Ermənistana və havadarlarına çatdırdı ki, ən güclü ordu Azərbaycan Ordusudur. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda Prezident İlham Əliyev xalqa müraciət edərək bildirmişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Zəfər paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu vədinin də reallıqda təsdiqi oldu. Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır və ona çatmaq üçün bütün imkanlar mövcuddur. Tarixi Zəfərimiz bunun təsdiqidir.