YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi dialoq mühiti…

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

Siyasi dialoq etibarlı və davamlı münasibətlərin qorunmasını təmin edən amillərdən biri hesab olunur. Ölkəmizdə demokratik ənənələrin formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı son bir neçə il ərzində müxtəlif təşəbbüslərlə çıxış edib, əhəmiyyətli islahatlara, ölkə rəhbərliyi səviyyəsində bir çox addımlara imza atılıb.  

Prezident İlham Əliyev 2020-ci il aprelin 14-də videokonfrans formatında keçirilmiş müşavirənin gedişində çıxış edərək, hakimiyyət tərəfindən atılan addımların, siyasi dialoqun başlanmasının və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsinin müstəqillik dövründə yeni vəziyyətin yaradılmasına gətirib çıxardığını vurğuladı. 2018-ci il prezident seçkilərindən sonra yaranmış mühitin, atılan addımların təhlili və qiymətləndirilməsi göstərir ki, Prezident İlham Əliyev əsaslı islahatlar sayəsində ölkənin siyasi sisteminin yeni, müasir çağırış və tələblərə cavab verən unikal modelini qurmağa müvəffəq oldu.

Ölkə başçısı müxalifət nümayəndələri arasında sağlam əqidəli, Vətənini, xalqını sevənlərin olduğunu diqqətə çatdıraraq bildirib ki, müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, diqqətə çatdırırlar və bu, çox müsbət haldır.

2018-ci il prezident seçkilərindən sonra əsaslı islahatlarla siyasi dialoq mühitinin inkişaf etdirilməsi haqqında tapşırıqlarını verən dövlət başçımızın Sərəncamı ilə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsi yaradıldı. Bu fəaliyyətdən sonra müxalifət nümayəndələri ilə intensiv görüşlər keçirildi, birlik mühitinin formalaşdırılması istiqamətində dialoqlar aparıldı. Siyasi partiya liderləri fikirlərinə, təkliflərinə verilən dəyər iqtidar-müxalifət münasibətlərində yeni mərhələnin əsasını qoydu.

Siyasi dialoq mühitinin sağlam formalaşdırılması istiqamətində həyata keçirilən islahatlardan ən mühümü kimi “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsini qeyd etmək olar. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.

Artıq keyfiyyət etibarı ilə yeni və fərqli müstəvidə inkişaf edən dialoq mühitinin bundan sonra da davam etdirilməsi prioritet məsələdir. Ölkəmizdə təşviq olunan dialoq siyasəti demokratik münasibətləri şərtləndirən işlək mexanizm kimi qəbul olunur. Dövlət başçımız siyasi dialoqun davam etdirilməsinə xüsusi önəm verilməsinin vacibliyini diqqətə çatdıraraq demişdir: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.