YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Patrik Hikki: “Bakı-2015” birinci Avropa Oyunları idman tarixində silinməz izlər qoyacaq

Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi olduqca mühüm hadisədir. Ölkədə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. Birinci Avropa Oyunları özündən sonrakı oyunların keçirilməsi üçün mühüm nümunə olacaq.

Bu fikirləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iyunun 11-də birinci Avropa Oyunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Patrik Hikki Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında çox qısa zaman ərzində görülən yüksək səviyyəli işləri xüsusi qiymətləndirib. O, bildirib ki, Oyunların təşkilinə çoxlu sayda könüllü, habelə London Olimpiadasından peşəkar əməkdaşlar cəlb edilib və bu, Azərbaycanın irimiqyaslı idman tədbirlərini yüksək səviyyədə keçirməkdə zəngin təcrübəyə malik olduğunu təsdiqləyir. Avropa Olimpiya Komitəsinin prezidenti atletlərin yüksək səviyyədə qarşılanmasına görə təşəkkürünü bildirərək deyib: “Azərbaycanda onların rahatlığı üçün kifayət qədər çalışıblar. Bu yarışlarda 150 Olimpiya mükafatçısının iştirakı Oyunların çox yüksək səviyyədə keçəcəyindən xəbər verir. Biz işə təcrübə kimi başlamışdıq. Lakin bu gün Oyunlarda 6 min atletin 20 idman növündə mübarizəyə qatılması inanılmaz göstəricidir”.

Avropanın bir çox şəhərlərinin belə yarışlara ev sahibliyi etməkdə maraqlı olduğunu vurğulayan Patrik Hikki qeyd edib ki, hər bir şəhərin infrastrukturu fərqlidir. Oyunlara ev sahibliyi edən hər bir ölkə, əlbəttə, ona öz mədəniyyət, incəsənətindən bəzi çalarlar qatır. Bu da yarışları daha çox özünəməxsus edir.

Daha sonra Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos Azərbaycan Hökumətinə, birinci xanım Mehriban Əliyevaya təşkilatçılığa görə minnətdarlığını bildirib. Möhtəşəm idman tədbirinə hazırlaşmaq üçün Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin yüksək əzmlə çalışdığını qeyd edən Spiros Kapralos, həmçinin Azərbaycan vətəndaşlarının Bakının bu yarışlara ev sahibliyi etməsindən qürur duyduğunu xüsusi vurğulayıb. O deyib ki, atletlər onlar üçün yaradılan şəraitdən çox razıdırlar. Oyunlara hazırlaşmaq o qədər də asan deyildi. Bununla belə, bir çox yeniliklər tətbiq olunub. Proqrama karate, basketbol, boks, sambo kimi populyar idman növləri daxil edilib.

Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri məlumat verib ki, açılış mərasimi üçün biletlərin hamısı satılıb. “İ-zona”larda atletlərlə müsahibə imkanı yaradılıb. Tamaşaçılar və idman azarkeşləri mükəmməl arenalarda maraqlı idman yarışlarının şahidi olacaqlar. “Azərbaycan ilk Avropa Oyunları ilə öz adını qitənin idman xəritəsinə yazacaq. Yüksək təşkilatçılıq bir daha göstərdi ki, Azərbaycan bundan daha böyük yarışlara ev sahibliyi etməyə qadirdir” - deyə Spiros Kapralos bildirib.