YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərdən Qayıdışa: hədəflər uğurları şərtləndirir – TƏHLİL / VİDEO

Hərb meydanında qazandığımız möhtəşəm Zəfəri diplomatiya müstəvisində və quruculuq meydanında möhkəmləndirir, yeni strateji qələbələrin təməlini formalaşdırırıq. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri də bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Əzəli yurdumuza tarixi Qayıdışı qısa zamanda və yüksək səviyyədə təmin etmək üçün qarşıya qoyulan hədəflər böyük, imkanlar isə genişdir. İşğaldan azad edilən tarixi torpaqlarımızda qısa müddət ərzində insfrastrukturun qurulması – yolların, elektrik enerjisi, su xətlərinin çəkilməsi, hava limanlarının tikilməsi görülən işlərin miqyasından və önəmindən xəbər verir.

Ərazilərin bərpasında müasir texnologiyaların – “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tətbiq olunması isə insanların rahat yaşayışının təmin edilməsinə hesablanıb, rifah və firavan gələcək vəd edir. Bu həm də o deməkdir ki, məskunlaşma prosesi intensiv şəkildə aparılacaq, doğma torpaqlara dönüş qısa müddətdə reallaşacaq.

Əlbəttə, atılan addımlar, görülən işlər həm də ona imkan verir ki, yurd-yuvalarına qayıdacaq soydaşlarımız təhlükəsizlik şəraitində yaşasınlar. İşğal dövründə ermənilərin dağıdıb viran qoyduğu digər yurd yerlərimiz kimi, Laçın rayonunun da həm təhlükəsizliyinin təmin olunması, həm də məskunlaşma prosesinin tezliklə reallaşdırılması əsas vəzifələrdən biridir. Artıq iki ildən çoxdur ki, rayonun yenidən bərpası ilə bağlı intensiv işlər aparılır, mühüm layihələr gerçəkləşdirilir. Laçının strateji əhəmiyyətini nəzərə alsaq, burada beynəlxalq standartlara uyğun infrastrukturun qurulması, habelə beynəlxalq hava limanının tikintisinin vacibliyini xüsusi qeyd etmək lazımdır. Bununla Qayıdış üçün yeni imkanlar yaranacaq, həmçinin bölgəyə turist axını sürətlənəcək.

İşğaldan azad olunan şəhər və kəndlərin Baş planları hazırlanərkən tarixlə müasirliyin vəhdəti əsas götürülür. Şübhəsiz ki, öz füsunkar təbiəti ilə, həm rahat, həm də memarlıq nöqteyi-nəzərindən Laçının da gözəl diyara-cənnət məkana çevriləcəyi gün uzaqda deyil.

Bəli, arzular reallaşır – Böyük Qayıdış gerçəkləşir. Biz qururuq, yaradırıq və yaşadacağıq!