YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi təxribat, siyasi sabotaj: ermənisayağı “sülh resepti” – TƏHLİL / VİDEO

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq öz silahlı qüvvələrini hələ də Azərbaycan ərazilərindən tam çıxarmayan Ermənistan son dövrlər təxribatları və təcavüzkar ritorikanı şiddətləndirib. Bu ölkənin yeni hərbi-siyasi provokasiyaları sülh prosesinə mane olmaq istəyən qüvvələrin fəallaşması fonunda xüsusi diqqət çəkir. Belə ki, Fransanın, İranın, o cümlədən Avropa Parlamentində müəyyən siyasi qruplaşmaların Ermənistanı açıq mesajlarla dəstəkləməsi yeni qarşıdurmaya rəvac verir.

Digər tərəfdən, Rusiya sülhməramlıların öz öhdəliklərini yerinə yetirməməsi - Qarabağdakı erməni separatçılarına dəstək verməsi gərginlik yaradır, eskalasiyaya təkan olur. Aydındır ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsi, Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda yeni yolun çəkilməyə başlanması kimi müxtəlif təxribatçı addımlar məhz sülhməramlıların gözü qarşısında baş verir. Bununla yanaşı, martın əvvəlində Xankəndi-Xəlfəli-Turşsu yolunda, martın 20-də isə Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması faktları Ermənistanın məqsədyönlü şəkildə sülhyaratma prosesini əngəlləməyə çalışdığını göstərir.

Bəs məramının barış olduğu söylənilən sülhməramlı kontingentin öz məsuliyyət zonasında qeyri-qanuni fəaliyyətə göz yumması, yaxud zəmin yaratması nəyin göstəricisidir?

Digər tərəfdən, Ermənistan tərəfinin son təxribatları Azərbaycanın suveren ərazilərində illeqal halların qarşısının alınması məqsədilə Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılmasını labüd edir. Çünki Azərbaycan öz ərazisində baş verən bu kimi qanunsuzluqlara, beynəlxalq hüquqa zidd hərəkətlərə göz yummaq niyyətində deyil. Nəhayət, Ermənistanın sülh prosesini hədəfə alan təxribatçı əməlləri Azərbaycanın antiterror əməliyyatına başlamasını da zəruriləşdirir. Bunun üçün Azərbaycanın kifayət qədər gücü və potensialı mövcuddur!