YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyaya birlik və əməkdaşlıq mesajları…

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın yerləşdiyi coğrafi məkan əlaqələrimizin inkişafında öz sözünü deyir. Belə ki, Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan iştirakşısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə müxtəlif ölkələri, xalqları birləşdirir, dünyaya birlik, əməkdaşlıq mesajlarını ünvanlayır. Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında özünü qabarıq şəkildə nümayiş etdirir.

Dövlət başçısı İlham Əliyev martın 13-14 tarixlərində Almaniya Federativ Respublikasına işgüzar səfər etdi. Səfər çərçivəsində keçirilən görüşlər, müzakirə edilən məsələlər bu gün də ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edən bu səfər hər iki ölkənin əməkdaşlıq əlaqələrini müxtəlif istiqamətlər üzrə inkişaf etdirmək istəklərinə işıq saldı. Bir daha təsdiqləndi ki, Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır.

Almaniyanın Azərbaycanı özünə vacib tərəfdaş hesab etməsi heç də təsadüfi deyil. Azərbaycanın dayanıqlı inkişafı daim dünyanın diqqət mərkəzindədir. Ölkəmiz təkmil sosial-iqtisadi islahatları, düşünülmüş və məqsədyönlü siyasəti ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb. Bir sözlə, ölkəmizin inkişaf modeli uğurlu nəticələri ilə beynəlxalq ictimaiyyətin diqqətindədir. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi mühüm enerji layihələrinin həyata keçiilməsini stimullaşdırır. Azərbaycanın əməkdaşlıq əlaqələri regional çərçivədən çıxaraq beynəlxaq miqyas alıb. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu günbəgün artır. Azərbaycan bu günləri neft, qaz ilə yanaşı, elektrik enerjisinin də ixracatçısıdır. Bütün bu uğurlarımız Azərbaycanın iqtisadi tərəfdaşlarının sayının artmasında öz sözünü deyir. Dövlət başçısı İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə də məqsəd onları ölkəmizin malik olduğu iqtisadi imkanlarla bağlı dolğun şəkildə məlumatlandırmaqdır. Dövlət başçısı İlham Əliyev bildirdi ki, iki il bundan əvvəl bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb. Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi planlaşdırırıq. Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır. Çünki 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var.

Ölkə Prezidenti İlham Əliyev əsas perspektiv planlarımıza gəldikdə, bildirdi ki, əlbəttə, təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Hazırda Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib. Beləliklə, “Böyük Qayıdış” adlanan Dövlət proqramına artıq start verilib.  Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb: “Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bir sözlə, bu, böyük proqramdır və onun icrası böyük vəsaitlər tələb edəcək. Biz tamamilə yeni, müasir standartlar əsasında layihəni icra etməyi planlaşdırırıq. Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək.”

Göründüyü kimi, hər bir səfər ölkələrin malik olduğu iqtisadi imkanları geniş şəkildə təqdim edir. Azərbaycanın bu əlaqələri genişləndirmək üçün imkanları daha da artır. İşğaldan azad edilmiş torpaqlarımızın malik olduqları bərpa olunan enerji resursları əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə öz töhfəsini verəcək.