YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh tərəfdarıyıq…

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Ötən dövr ərzində həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyəti nəticəsində Qlobal Bakı Forumu aparıcı beynəlxalq forumlardan birinə çevrilmişdir.

Bəşəriyyətin qarşısında duran yeni çağırış və perspektivlər və digər mühüm məsələlər barədə müzakirələr aparılması üçün martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlamışdır.

Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun Proqramına daxil olan və müzakirə ediləcək mövzularla bağlı fikirlərini və bəzi məlumatları Forum iştirakçıları ilə bölüşmüşdür.

Prezident İlham Əliyev Forum çərçivəsində müzakirə ediləcək münaqişələrin həlli haqqında Azərbaycan təcrübəsindən danşaraq qeyd etdi ki, “münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verib”.

Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazisini geri qaytarmağa çağırdı, Ermənistan nəinki bu çağırışlara məhəl qoymadı, əksinə, yeni Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndi, ardıcıl hərbi təxribatlar törətmək yolunu seçdi.

Ermənistan danışıqlar prosesinin formatını və məzmununu məhv etməklə, BMT TŞ-nın qətnamə və qərarlarının icra etməməklə sülh tərəfdarı olmadığını açıq şəkildə ortaya qoydu.

Ermənistanın münaqişəni dinc yolla aradan qaldırmaq və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsi, bu nüfuzlu beynəlxalq quruma, beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə laqeyd münasibətinin təzahürü idi. İşğalçının bu cür saymazyanalığı bu gün də davam edir və bu, əslində, dünyada hələ də haqq-ədalətin qorunmamasından, təhlükəsizlik məsələlərinə ikili standartlarla yanaşılmasından xəbər verir. 

Azərbaycan Ermənistandan fərqli olaraq indiyədək qarşı tərəfə yönələn hər hansı bir hərbi cinayət törətməyib, soyqırımına yol verməyib. Azərbaycan ancaq 44 günlük Vətən müharibəsində döyüş meydanında işğalçıdan qisas alıb, düşmən ölkəni acı məğlubiyyətə uğradıb.

2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra Azərbaycan sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürsə də, Ermənistan müxtəlif bəhanələrlə bu təşəbbüsdən indiyədək yayınmaqda davam edir.