YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şans yaranıb…

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 9-11 mart tarixlərində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirildi. Nüfuzlu beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu artıq aparıcı beynəlxalq forumlardan biridir. Forumda 60 ölkədən 350 nəfər iştirakçının olması, onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident, eləcə də baş nazirlərin yer alması özlüyündə təsdiq edir ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur.

Martın 9-da X Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev bir sıra regional və beynəlxalq əhəmiyyətli məsəslərə, eləcə də müasir dünyanın üzləşdiyi aktual problemlərə diqqət çəkdi. Çıxışının əvvəlində Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırmaq üzrədir. Sədrliyi müddətində Azərbaycan bir az passiv Qoşulmama Hərəkatını canlandırmağa çalışdı. Bu məqsədlə ölkəmiz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdi. Həmçinin Azərbaycan COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı oldu. Azərbaycanın təşəbbüs və fəal iştirakı nəticəsində pandemiya ilə mübarizə sahəsində məlumat bazası yaradıldı ki, daha sonra həmin bazadan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Ölkəmizin təşəbbüsü ilə keçirilən Zirvə toplantılarından biri məhz pandemiya ilə mübarizəyə həsr edilmişdi. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsini ucaldan ilk ölkələrdən oldu. Ölkəmiz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltməklə bərabər əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdi. Bundan əlavə, koronavirusla mübarizəni dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etmiş ölkədir. Sədrliyi dövründə Azərbaycan həmçinin Qoşulmama Hərəkatının institusional inkişafını da təmin etməyə çalışdı. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradılıb.

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda Prezident İlham Əliyev qeyd etdi ki, dünya soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi olmaqdadır. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.  Bu əsasda X Qlobal Bakı Forumunda bir daha Azərbaycan həqiqətlərini gündəmə gətirən Prezident İlham Əliyev xatırlatdı ki, ölkəmiz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdı. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuş, işğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir. Belə ki, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verib. Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Azərbaycanın Ermənistanı inandırmaq cəhdlərinə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi. 1992-ci ildə münaqişə yarandıqdan sonra təsis olunan ATƏT-in Minsk qrupu da əfsuslar olsun ki, 28 il ərzində hər hansı nəticəyə nail olmadı. Minsk qrupu münaqişənin həllindən daha çox daimi dondurulmasını istəyirdi. Bir sözlə, erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Nəticədə Azərbaycan güc tətbiq etdi və öz ərazilərini azad etdi. Azərbaycan Ermənistandan fərqli olaraq hər hansı hərbi cinayət - soyqırımı törətməyib. Azərbaycan döyüş meydanında qisas alıb.Təxminən iki il yarım vaxt ötür ki, 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük ərazini Azərbaycan yenidən tikir.  

X Qlobal Bakı Forumunda Prezident İlham Əliyev onu da vurğuladı ki, 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra Azərbaycan sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürüb və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim edib. Azərbaycan sülh istəyir və hər hansı digər müharibədə maraqlı deyil. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. Baxmayaraq ki, rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb, lakin hazırda Ermənistan bir və ya bir neçə ölkədən tamamilə asılı olan müstəmləkəyə çevrilib.

Prezident İlham Əliyev “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda bildirdi ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiya tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Ölkəmizin Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı da işğal dövründən fərqli olaraq daha yaxşı olacaq.