YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi islahatlar davamlı inkişaf üçün əsasdır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev hər zaman bu çağırışı səsləndirir ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrlərdə bu istiqamətdə çox işlər görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. Sərbəst toplaşmaq azadlığı, siyasi fəaliyyət azadlığı tam təmin edilir. Azərbaycan Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərinə öhdəliklər götürüb və bunları uğurla yerinə yetirir. Cənab İlham Əliyev, həmçinin bildirir ki, Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik.

Ölkəmiz demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. 9 fevral 2020-ci il tarixində keçirilən növbədənkənar parlament seçkiləri də bunun bariz nümunəsi oldu. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə belə bir mühüm addımın atılmasına nail olan ölkəmiz bir daha yenilişməyə, təkmilləşməyə açıq olduğunu, hər bir yeni təcrübənin tətbiqinə maraq göstərdiyini nümayiş etdirdi.

Dövlət başçısı İlham Əliyev 6-ci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bu kimi məqamlara, Azərbaycanın ayrı-ayrı sahələrdə davamlı uğurlarına diqqəti yönəldərək belə bir əminliyi ifadə etdi ki, biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik.  Azərbaycan parlamenti bu işdə fəal olacaq.

Ölkə Prezidenti, eyni zamanda, bildirmişdir ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.

Reallıq budur ki, ölkəmizdə aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verir. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

Dəyişən reallıqlar yeni mütərəqqi qanunların hazırlanmasını və qəbulunu zərurətə çevirir. Təkcə ötən il qəbul olunan “Media haqqında” və “Siyasi partiyalar haqqında” Qanunlar Azərbaycanın yeniliklərə, təkmilləşməyə nə qədər maraq göstərdiyini təsdiqləyir. Atılan bu kimi addımlar bir daha sübut edir ki, demokratikləşmə sadəcə bir niyyət, şüar deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir.