YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sağlam siyasi mühit mövcuddur

Demokratik təsisatların inkişafı Azərbaycan dövlət siyasətinin əsasında dayanır. Ulu öndər Heydər Əliyevin “Demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz” fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin təmin edilməsi davamlı uğurlarımızda əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu məqam xüsusi yer alır ki, Azərbaycan hər zaman yeniləşməyə, təkmilləşməyə xüsusi önəm verir. Əsas hədəf Azərbaycanın bütün sahələr üzrə təcrübəsinin nümunə olmasıdır. Ölkəmizin dayanıqlı inkişafına davamlı töhfələri ilə diqqət çəkən, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə ictimaiyyətin rəğbətini qazanan Yeni Azərbaycan Partiyasının 2019-cu ilin sonlarında islahatların  qanunverici orqanda  da öz əksini tapması üçün Milli Məclisin buraxılması  və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi diqqətdən kənarda qalmadı. Bu təşəbbüs 2020-ci ilin 9 fevral tarixində növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə nəticələndi.  

Bu gün Azərbaycan beynəlxalq qurumların hesabatlarında ən islahatçı ölkələr sırasında qərarlaşıb. Ən əsası ölkəmizin demokratiya təcrübəsi digər dövlətlərə nümunə göstərilir. Azərbaycan ənənələri olan ölkə kimi nüfuz qazanır. Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi də demokratik ənənələrin inkişafına xidmət edən addımlar sırasındadır. Sistemli islahatlar öz növbəsində siyasi münasibətlər sistemini əhatə edir. Siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində önəmli addımlar atılır və bu prosesin davamlı olacağı bildirilir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, 2020-ci il fevralın 9-da növbədənkənar parlament  seçkilərinin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Dövlət başçısı İlham Əliyev 6-cı çağırış Milli Məclisin ilk islasındakı çıxışında bu əminliyi ifadə etmişdir ki,  altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və  ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaq və olmalıdır. Azərbaycanda çoxpartiyalı parlament formalaşıb və bu, demokratiyanın inkişafında önəmli addımdır. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu hədəflərin qarşıya qoyulduğu vaxtdan, 10 mart 2020-ci ildən bizi 3 il zaman məsafəsi ayırır. Bu müddətdə qazanılan uğurların miqyasını təsəvvür etmək üçün ötən 3 ildə Azərbaycanın qeyd edilən məqsədlərin reallığa çevrilməsi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Ölkəmizdə siyasi partiyaların yaradılması və onların müstəqil fəaliyyəti üçün bütün zəruri addımlar atılır. Hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın siyasi dialoq mühitinin formalaşdırılması istiqamətində də təqdim etdiyi model beynəlxalq səviyyədə təqdir olunur. Bu model belə bir ümumi mənzərəni ortaya qoyur ki, ölkəmizdə dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, bu şöbənin  müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirərək günümüzün aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparması da siyasi dialoq mühitinin daha sağlam zəmində formalaşmasında öz müsbət təsirini göstərir, böyük rol oynayır.  

Vüqar Rəhimzadə bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın imza atdığı tarixi Zəfərin yaratdığı reallıqlar bütün sahələrdə yeniləşməni, təkmilləşməni bir zərurətə çevirdi. Ötən il yeni reallıqların fonunda “Siyasi partiyalar haqqında”, həmçinin “Media haqqında” yeni qanunlar qəbul olundu. Təkcə bu iki qanunun əsasında yeni sənədlərin qəbulunu zəruri edən səbəbləri  aydın şəkildə görmək mümkündür. 1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanuna ötən 23 ildə  79 dəfə, 1992-ci ildə qəbul olunan “Siyasi partiyalar haqqında” Qanuna isə  ötən müddətdə  27 dəfə əlavə və dəyişiklik edilmişdi. İllər keçdikcə ölkəmizin həyatında yeniliklər baş verir, yeni tələblər qarşıya qoyulur. Dəyişən reallıqlar yeni mütərəqqi qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin irəli sürülməsi lazımdır. Bütün bu amillər nəzərə alınaraq iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilir və ediləcək. Eyni zamanda, milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da təkmilləşdirilir. Azərbaycan dövləti qəbul olunan qanunları heç zaman dəyişməz qəbul etmir, daim onların təkmilləşdirilməsinin  vacibliyini önə çəkərək ölkə həyatında baş verən hər bir yeniliyin burada əksini tapmasına səy göstərir.  Bu gün ölkəmizdə sağlam siyasi mühit mövcuddur. Atılan bu kimi addımlar demokratiya və plüralizm mühitinin daha da təkmilləşdirilməsini, Azərbaycanın bu dəyərlərə bağlılığını nümayiş etdirir, beynəlxalq aləmdə ölkəmizin nüfuzunu daha da artırır. Prezident İlham Əliyevin 6-cı çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli nitqində Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təhlili fonunda hədəflər açıqlanmaqla yanaşı, belə bir əminlik də  ifadə olundu ki, bundan sonra da  müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Azərbaycan parlamenti bu işdə fəal olacaq.  Təbii ki, dövlət başçısı İlham Əliyevin bu əminliyinə əsas verən ölkəmizin hərtərəfli inkişafı üçün bütün tədbirlərin, islahatların kompleks, sistemli şəkildə həyata keçirilməsidir.

DİGƏR Xəbərlər Arxiv