YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli dövlәtçilik məfkurəsinə sadiqlik

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Ulu öndər Heydər Əliyevin bu günümüzə və gələcəyimizə işıq salan tezislərinə diqqət yetirsək hər birində torpağa, Vətənə, müstəqil Azərbaycan dövlətinə bağlılığı, böyük sevgini görür və bundan böyük qürur hissi keçiririk. Ümummilli Lider bildirmişdir: “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.”

Azərbaycançılığın inkişafı, dövlət maraqlarının hər şeydən üstün tutulması, kimliyimizin təqdimatı olan üçrəngli bayrağımıza hörmət və yüksəklərdə dalğalanması üçün hər kəsin üzərinə düşən vətəndaşlıq borcunu uğurla yerinə yetirməsinin vacibliyi bütün dövrlərdə öz aktuallığını qoruyur.

Azərbaycanın müxtəlif sahələrdə yarışlara qatılması, qalibiyyət rəmzimiz olan bayrağımızın yüksəklərə qaldırılması ilə qələbəmizin təsdiqi, eyni zamanda, ölkəmizin beynəlxalq aləmdə təqdimatı kimi dəyərləndirilir.

Son iki ildən artıq dövrün reallıqları dünya düzəninin yenidən formalaşdırılmasının vacibliyini ortaya qoyur. Tarixi Zəfəri ilə 30 illik işğala son qoyan Azərbaycanın üçrəngli bayrağı bu gün tarixi sahibinə qovuşan torpaqlarımızda dalğalanır. Dövlətimizin uğurlu siyasəti nəticəsində müstəqilliyimizin və suverenliyimizin qorunması, möhkəmlənməsi günümüzün reallıqlarındandır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin iqtisadi inkişaf dinamikasına diqqət yetirmək kifayətdir ki, Ümummilli Liderin bu fikirlərinin reallıqda öz təsdiqini tapdığını əminliklə qeyd edək. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Ümummilli Lider bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.

Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan ulu öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli Lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir.

Bu reallığı qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür.