YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslahat növbəsi BMT-də…

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Hazırda BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı bu gün işini sülh, təhlükəsizlik və inkişafa yardım istiqamətində quraraq beynəlxalq münasibətlərin tənzimlənməsində dünyada yaranmış siyasi-hərbi qütbləşməyə qarşı olan və dövlətlərin qarşıdurmaya cəlb olunmasını istəməyən 120 ölkənin birliyindən yaradılmışdır. Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun keçirilən Zirvə görüşündə iştirak edən Azər­bay­can Respublikasının Prezidenti İlham Əliyevin də xatırlatdığı kimi, pandemiyanın başla­ma­sın­dan dərhal sonra ədaləti və beynəlxalq hüququ müdafiə etmək məqsədilə COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə Qoşulmama Hərəkatı adından çıxış edən və bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirən məhz Prezident İlham Əliyev olmuşdur.

Bu qəbildən olan məsələlər Qoşulmama Hərəkatı kimi bir təsisatın beynəlxalq miqyasda nüfuzunun artmasına səbəb olmuşdur. Təəssüflər olsun ki, hazırda fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlar üçün bu sözləri demək olmur. Misal üçün BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunduğu halda Azərbaycan ərazisindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. Bu baxımından belə nəticəyə gəlmək olar ki, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil və qurumun çərçivəsində də islahatlar aparılmalıdır. Bu barədə, Prezident İlham Əliyevin təklif etdiyi kimi, daha çox ölkənin təmsil olunması üçün BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi, bir daimi yerin Qoşulmama Hərəkatına verilməsi və Qoşulmama Hərəkatına sədrlik edən ölkənin növbəli şəkildə bu yerə sahib olması coğrafi baxımdan ədalətli olardı.

BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuş, işğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını, bütün mədəni və dini abidələrin talan və qarət edildiyini, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin klassik urbisid, kultursid və ekosid nümunələri olduğunu öz gözləri ilə görmüşdülər.

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi, ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycanın hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirərək minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsü aktuallıq kəsb edir.