YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaxtında atılmış vacib addım

“2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan bu illər ərzində təşkilatın dünyada nüfuzunun daha da artmasında önəmli rol oynamışdır. Martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən Ölkə Prezidenti İlham Əliyev öz çıxışında Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın ali məqsədinin ədaləti və beynəlxalq hüququ müdafiə etmək olduğunu bir daha vurğuladı. Qeyd olundu ki, dünyada pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Təşkilata sədrlik edən ölkə olaraq Azərbaycan dünya ölkələrini iflic vəziyyətə sala biləcək özünəqapanma tendensiyasına qarşı çıxaraq 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınmış və bir müddət sonra Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün məhz həmin məlumat bazasına istinad etmişdir. Azərbaycanın irəli sürdüyü daha bir mühüm təşəbbüs BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi ilə bağlı oldu ki, bu təklif də BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. 2020-ci ilin dekabr ayında xüsusi sessiya keçirildi və 70-dən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu tədbirdə Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edildi. Təşkilat bütün ölkələr üçün peyvəndlərin ədalətli bölgüsünü və əlçatanlığını təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Əlbəttə ki, pandemiya dövründə Azərbaycanın bilavasitə özünün koronovirusla bağlı digər ölkələrə etdiyi yardımlar da xüsusi əhəmiyyət kəsb edib. Belə ki, həmin dövrdə Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.” Bu sözləri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat daha sonra Prezident İlham Əliyevin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı ifadə etdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Məlumdur ki, bütün dünyada ərazilərində hərbi münaqişələr baş vermiş, hərbi əməliyyatlar aparılmış bir çox ölkələr minalarla, partlamamış hərbi sursatlarla çirklənmədən əziyyət çəkirlər. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanın da adı belə ölkələrin siyahısında ön sıralardadır. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı  30 ilə yaxın müddət ərzində bu torpaqlarda total minalama həyata keçirmişdir. Hətta bu gün, münaqişənin başa çatmasından artıq iki ildən çox müddət keçməsinə baxmayaraq ermənilərin basdırdıqları həmin minaların partlayışlarından dinc Azərbyacan vətəndaşları dünyalarını dəyişirlər. Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsilə başa çatdığı gündən bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır. Sözsüz ki, azad edilmiş ərazilərin həm də yüksək sıxlıqla minalanmış olması bu ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərinin sürətini də aşağı salır. Eyni səbəbdən keçmiş məcburi köçkünlərin geri dönməsi ləngiyir. Bütün bunlar ölkəmiz üçün humanitar minatəmizləmənin əhəmiyyətini son dərəcə artırır. Prezident İlham Əliyev öz çıxışında Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə olduğunu əsaslandırılmış şəkildə bəyan edərək, Qoşulmama Hərəkatına üzv olan ölkələri Azərbaycanın minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi təşəbbüsünü dəstəkləməyə çağırdı. Həmçinin Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifini irəli sürdü. Sözsüz ki, belə bir qurum minalarla çirklənmiş ölkələrin üz-üzə qaldıqları problemin qlobal miqyasda beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından əhəmiyyətli rol oynaya bilər.”

Həmçinin A.Naxçıvanlı Təmas Qrupunun Zirvə görüşündə BMT sistemində aparılan islahatlar mövzusunun müzakirəyə çıxarılmasını vaxtında atılmış vacib addım olduğunu qeyd edib: “Bu gün BMT sistemində islahatların, xüsusilə də Təhlükəsizlik Şurasının tərkibinə yeni üzvlərin daxil edilməsinin zəruriliyi artıq bütün dünyada getdikcə daha çox müzakirə olunan mövzulardan biridir. Qeyd etmək lazımdır ki, dünyanın ən mötəbər təşkilatlarında etdiyi çıxışlarında bu məsələnin müzakirəyə çıxarılmasını ilk olaraq təklif edən dövlət başçılarından biri məhz Azərbaycan Prezidenti İlham Əliyev olmuşdur. O cümlədən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında da möhtərəm dövlət başçımız BMT Təhlükəsizlik Şurasının artıq müasir dövrün tələblərinə cavab vermədiyini, strukturun tərkibinin genişləndirilməsinin və orada daha çox ölkənin təmsil olunmasının vacibliyini qeyd etdi.

Hər zaman olduğu kimi, Prezident İlham Əliyev bu dəfə də Qoşulmama Hərəkatının nüfuzunun və qlobal proseslərdə rolunun, həmin proseslərə müdaxilə imkanlarının artmasına xidmət edəcək təşəbbüs irəli sürərək bildirdi ki, BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Dövlət başçısı Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırdı.”

DİGƏR Xəbərlər Arxiv