YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hansı halda sülh mümkündür?

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Multikultural dəyərləri, tolerantlığı, sülh və yardımsevərliyi ilə dünyaya örnək olan Azərbaycan xalqının genetik kodlarında belə sülh, insansevərlik, başqalarına hörmətlə yanaşma daim prioritet mövqedə olmuşdur. Heç də təsadüfi deyil ki, kapitulyasiya aktına imza atmağa məcbur olmuş Ermənistana Azərbaycan tərəfindən çox sadə, anlaşıqlı bir dildə ifadə olunmuş sülh gündəliyi təqdim edilmişdir. Siyasəti elmi cəhətdən tədqiq edən politologiyadan məlum olduğu kimi, sülh dövlətlərin bir-biri ilə münasibətlərini qeyri-zorakılıq şəraitində qurması, bir-birinin milli maraqlarını uzlaşdırması və bütün bunların müqavilə ilə təsdiqləməsi nəticəsində mümkün olur.

Müzəffər Ali Baş Komandanımızın sarsılmaz iradəsi, Şəhidlərimizin canı və qanı bahasına 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən sonra regionda yaranmış yeni reallıqlar fonunda Azərbaycan dövlətinin siyasi gündəminin əsasını regionda davamlı sülhün əldə olunması təşkil edir.

Bu baxımdan Prezident İlham Əliyevin cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasında çıxışı dünya siyasi mediasında gündəm oldu.

Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Prezident İlham Əliyevin həm moderator, həm də media nümayəndəsinin ünvanladığı suallara verdiyi cavablar Azərbaycanın qalıcı sülhün əldə olunması istiqamətində rəsmi mövqeyini dünya ictimaiyyətinə bir daha çatdırdı.

Həm uzun müddət davam edən və heç bir nəticə hasil olunmayan sülh danışıqları, həm 44 günlük Vətən müharibəsini şərtləndirən amilləri anlaşıqlı dillə izah edən Ali Baş Komandan İlham Əliyev Azərbaycanda torpaqlarımız Ermənistan tərəfindən işğal ediləndə hələ anadan olmayan və bu torpaqları heç zaman görməyən, lakin bu torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəslin yetişdiyini və bu nəslin heç vaxt torpaq işğal etmək niyyətində olmadığını, doğma torpaqlarının azadlığı uğrunda ədalətli müharibə apardığını, bu səbəbdən bir nəfər əsgərimizin belə döyüş meydanını tərk etmədiyini, 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəsin döyüş meydanından qaçmadığını və bununla Azərbaycan xalqının sülhsevər xalq olduğu qədər öz haqqını müdafiə edə bildiyini də hər kəsə bildirdi. Bununla belə, Azərbaycan ədaləti güc vasitəsilə bərpa etməyə məcbur oldu.

44 günlük müharibə dövründə işğalçı müharibə apardıqlarına görə Ermənistanda fərarilərin sayı 11 minə çatmışdı. Əlbəttə bu təbiidir, çünki, Ermənistanda doğulmuş insanlar üçün Azərbaycana gedib onlara aid olmayan torpaqdan ötrü müharibə etmək, həm də işğalçılıq müharibəsi etmək həvəsi yox idi.

Torpaqlarımızın işğal altında olduğu müddətdə sülh istəyi qədər azadlıq müharibəsinə hazırlığı da unutmayan dövlətimiz Ali Baş Komandanımızın uzaqgörən siyasəti sayəsində həm də müasir silahlar alıb ordumuzun arsenalına daxil etmişdi. Azərbaycanlı gənclər hərbi məktəblərdə təhsil alıb ən mükəmməl taktika, planlaşdırma öyrənirdi. Lakin apardığımız müharibənin nəticəsi göstərdi ki, döyüşdə əsas amil həvəsdir, müstəqillik, azadlıq həvəsi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, azadlıq istəyən xalqı işğal etmək mümkün deyil.