YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qafqazda sülhün bərqərar olmasına kim maneə yaradır?

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 fevral 2023-cü il tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda bir daha ölkəmizin haqlı mövqeyinə diqqət çəkdi.  Prezident bəyan etdi ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. “Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur.” Nəticədə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirdi. Yenə də altdan-altdan Ermənistanın təcavüzkar siyasətini dəstəkləyənlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına bu və ya digər formada maneçilik törədir, tərəflər arasında qismən yaxınlaşma olarkən dərhal aktivləşərək vəziyyəti mürəkkəbləşdirirlər. Siyasi cəhətdən yetkin olmayan Paşinyan və komandası beynəlxalq “arbitrların” təsir dairəsinə düşür və sülh sazişi sənədinin imzalanmasına maneçilik törədirlər. Unudurlar ki, 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün müharibə apardı, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi isə Ermənistan əhalisinin məğlub baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandatdır.

Əslində Qafqazda təhlükəsizliyin təmin edilməsində bu bölgədəki bütün dövlətlər xüsusi fəallıq göstərməlidirlər. Təəssüf ki, ermənilər yaxın uzaq dəstəkçilərindən-dostlarından kömək ummaqda davam edir və Qafqazda sülhün bərqərar olmasına maneçilik törədirlər. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində bizim mövqeyimiz tamamilə məntiqlidir. Azərbaycan istəyir ki, bu normallaşma tezliklə baş versin, düşmənçilik dövrü arxada qalsın. Əgər Ermənistan hakimiyyəti özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkündür. Bu gün manipulyasiya edərək həqiqətləri gizlətmək, yaxud da ki, reallığı təhrif etmək mümkün deyil.

Azərbaycan bütün tribunalardan öz mövqeyini açıq şəkildə bəyan edir. Azərbaycan istəyir ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Azərbaycan və Ermənistan arasında müasir dünyanın tələblərinə cavab verən sülh sazişi imzalansın. Prezident İlham Əliyev cənabları haqlı olaraq deyir: “Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var”.

Bu gün 28 il ərzində heç bir nəticəyə nail ola bilməyən platformanı yenidən diriltmək istəyənlər var. Amma nə dünya 28 il öncəki dünya deyil, nə də Azərbaycan. 2020-ci ildə Azərbaycan ədaləti güc vasitəsilə bərpa etməyə məcbur oldu. Sülh sazişini isə masa ətrafında müzakirələr vasitəsi ilə həll etməyə səy göstərir. Ermənistan yenidən prosesi uzadarsa döyüş meydanında cavab verməli olacaq. Bu isə bizim qanuni haqqımızdır.

DİGƏR Xəbərlər Arxiv