YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avrasiyanın enerji mərkəzi…

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Artıq Azərbaycan dünyada enerji mərkəzinə çevrilmişdir. Enerji istehsalı sahəsində ölkəmizdə böyük layihələr icra edilir. Yüksək gücə malik bərpa olunan elektrik enerjisi stansiyalarının tikilməsi istiqamətində dünyanın nəhəng şirkətləri ilə müqavilələr imzalanıb və tikintisi davam etdirilir. Artıq 2 ildən çoxdur ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın təbii qazı Avropaya ixrac olunur və yaxın vaxtlarda ölkəmizdə istehsal olunacaq yaşıl enerji də Avropaya ixrac ediləcək. Bunlarla yanaşı işğaldan azad edilmiş ərazilərimizdə də su elektrik stansiyaları tikilib istifadəyə verilib və bu işlər davam etdirilir.

Azərbaycanda enerji siyasətinin də təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976- cı ildə regionun ən böyük stansiyalarından olan Mingəçevir istilik elektrik stansiyasının təməli qoyulmuşdur. Müstəqilliyimizin ilk illərindən Mingəçevir elektrik stansiyası ölkəmizdə əhalinin elektrik enerjisinə olan tələbatını ödəməklə yanaşı sənayenin inkişafında da mühüm rol oynamışdır. Mingəçevir şəhərində tikiləcək yeni elektrik stansiyası Azərbaycanın daxili tələbatını ödəməklə yanaşı elektrik enerjisinin ixracına da böyük töhfə verəcək, eyni zamanda yüzlərlə yeni iş yerinin açılmasına səbəb olacaq.

Prezident İlham Əliyev "Gülüstan" sarayında müstəqilliyimiz tarixində ən böyük istilik elektrik stansiyasının təməlqoyma mərasimində çıxış edərək bu stansiyanın ölkəmiz üçün çox böyük bir layihə olduğunu bildirdi. Yeni stansiya ən müasir texnologiyalar əsasında və ekoloji standartlara uyğun inşa ediləcək. Stansiyanın 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Ən önəmli məsələlərdən biri də stansiyanın tikintisinin 60 faizinin "Azərenerji"nin, 40 faizinin isə kreditlər hesabına başa gəlməsidir. Stansiyanın tikintisində İtaliya və Çin şirkətləri də iştirak edəcək. İtaliya Azərbaycan üçün dost və tərəfdaş ölkələrdəndir. Azərbaycanda hasil olunan neft İtaliya bazarlarına çatdırılır, eyni zamanda Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı İtaliyaya ixrac olunur. İtaliya - Azərbaycan əlaqələri energetika sahələri ilə yanaşı digər sahələr üzrə də yüksək səviyyədə inkişaf etdirilir. İtaliya Azərbaycanın ticarət tərəfdaşı olmaqla bərabər təhsil sahəsində də əməkdaşlıq əlaqələrini yüksəltməkdədir. Hazırda Bakıda İtaliya - Azərbaycan Universiteti inşa edilir. İşğaldan azad edilmiş ərazilərimizin bərpasında da İtaliya şirkətləri yaxından iştirak edir.