YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaşlıq ruhuna sadiqik

Vüqar Seyidov 

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Deyirlər ki, dost dar gündə tanınar. Azərbaycanla Türkiyə isə yalnız dost deyil, həm də qardaşdır. Ölkələrimiz bir bədəndə iki candır. Biz bütün istiqamətlər üzrə Ulu Öndər Heydər Əliyevin o müdrik kəlamında dediyi kimi bir millət, iki dövlət anlayışını yaşadır, ona uyğun davranırıq. Qardaş həm yaxşı, həm də pis gündə bir-birinə dəstək olur. Necə ki, 1918-ci ildə Nuru Paşa və Qafqaz İslam Ordusu ermənilərin soyqırımından xalqımızı və gənc cümhuriyyətimizi qorudu. Necə ki, 44 günlük Vətən savaşında türk qardaşlarımız mənəvi-siyasi dəstək verərək savaşın taleyini də dəyişdi. Eləcə də bizlər istər meşə yanğınları zamanı, istərsə də dəhşətli zəlzələ vaxtı öz qardaşlarımızın yanında olduq, olmağa da davam edəcəyik.

Zəlzələnin miqyası açıqlanmağa başladığı ilk anda Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi etmişdir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq qardaşlarımızın yanında olduğumuzu ifadə etmişdir. Həm telefon danışığının, həm də Rəcəb Tayyib Ərdoğana cənab Prezident tərəfindən ünvanlanmış məktubun bir ana xətti var idi. O da ondan ibarətdir ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Onları heç bir hərbi-siyasi, hətta təbii hadisə ayıra bilməz. Azərbaycan sona qədər qardaşına öz dəstəyini göstərəcəkdir.

Ötən on gün ərzində fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində dövlətimizin həyata keçirdiyi hər bir məqam qardaşlığımızın möhkəmlənməsinə xidmət etmişdir. Dövlət başçısının Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə getməsi, orada səmimiyyətlə şəxsi fikirlərini ifadə etməsi, qardaşlarımızın dərdinə şərik olması hər birimizə qürur hissi yaşatdı. Bir daha sübut olundu ki, Azərbaycan ilə Türkiyənin əlaqələri yalnız dövlətlər, hökumətlər, Prezidentlər arasında deyil, xalqlar arasında mövcud olar münasibətlər toplusudur. Belə ki, cəmiyyətin bütün təbəqələri könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün hər cür səy göstərir. İctimai təşkilatlar, özəl sektor nümayəndələri, könüllü gənclər, bütün dövlət qurumları bu gün qardaş türk xalqının yanındadır. Türkiyədə baş vermiş zəlzələyə adekvat münasibətimiz qardaşlıq ruhuna sadiqliyimizin ifadəsidir.

Vətən müharibəsində olduğu kimi bu bədbəxt hadisə nəticəsində də bütün cəmiyyətimiz bütövləşdi. Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın göstərdiyi dəstək zəlzələ bölgəsində yaşayan sadə insanlarda, zərərçəkənlərdə Azərbaycanla bağlı fikirləri daha da qətiləşdirdi. Azərbaycan qardaşlıq borcunu hərtərəfli və ləyaqətlə yerinə yetirir. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən humanitar yardımın göndərilməsi, Azərbaycanda fəaliyyət göstərən QHT-lər tərəfindən “Qardaş köməyi” adlı platformanın yaradılması, Azərbaycanın hər bölgəsinin Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulması, ölkənin bir çox ali təhsil müəssisələrində zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə tələbə və əməkdaşlar arasında yardım kampaniyalarının təşkil olunması, Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilməsi bütün dünyaya qardaşlıq münasibətlərimizin dərin özüllərinin olmasını sübut etdi. Bir məqamı da qeyd etmək istərdim ki, ölkəmizdə uzun illərdir mövcud olan gənclərin könüllü fəaliyyəti bu zəlzələ vaxtı da özünü biruzə verdi. Onlarla gənc ürək, onlarla vətən sevdalısı olan könüllü Türkiyəni özünə Vətən bilib, onun yaralarının sarılması üçün qardaş ölkəyə köməyə gediblər. İndi onlar zərərçəkənlərə əllərindən gələn yardımı edirlər.

Qardaşlığımızla yanaşı diqqət çəkən önəmli məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan bir daha göstərdi ki, ekstremal hadisələrə digər dövlətlərlə müqayisədə daha çox hazırdır. Azərbaycanda hərbiləşdirilmiş və nizamla işləyən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti fəlakət zonasında tarix yazmağa davam edir. İstər insanların həyatlarının xilas olunması, istər cəsədlərin ərazidən götürülməsi, istərsə də çökmüş binaların boşaldılmasında FHN-nin böyük xidməti və rolu vardır.

Eyni zamanda da, Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb heyəti fəaliyyətə başlayıb. İndi Azərbaycan xalqı yenidən bir vahid məramın ətrafında sıx birləşmişdir. Bu dəfə müqəddəs amal qardaşlarımızın yaralarına məlhəm olmaqdır.

Türkiyə çox güclü dövlətdir. Azərbaycan da onun yanındadır. Biz əl-ələ verərək bu fəlakətin də öhdəsindən gələcəyik.