YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Praqa və Soçi razılaşmalarına zidd olaraq...

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması” barədə müddəanın daxil olunduğunu bəyan etməsinə münasibət bildirib.

Nazirliyin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, A.Hacızadə bununla bağlı qeyd edib: “Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqlar prosesinə maneə yaradan belə manipulyasiyaları İrəvanın bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir.

Sülh sazişi üzrə danışıqlar prosesində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsü, bu barədə müddəanın Azərbaycanla Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri tamamilə əsassızdır və belə cəhdlərin heç bir nəticəsi olmayacaq.

Bu səylər Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, habelə ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına zidd olaraq, Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir.

Bir daha xatırlatmaq istərdik ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Ermənistanın Azərbaycanın daxili məsələsi olan erməni sakinlərin reinteqrasiya prosesinə müdaxilə etməsi qəbuledilməzdir”.